Dünən Qahirədə əlbəyaxa çarpışmalar sürürdü
 |
İnqilabın paradoksu - döyülən jurnalistlər...
Şənbə, 05.02.2011
İ.Umudlu |
mətn ölçüsü |
|
|
|
Afrikanın və Ərəb dünyasının ən nüfuzlu ölkələrindən sayılan dostumuz Misirin dünənki günü də çalxantılı keçdi. Paytaxt Qahirənin mərkəzi Təhrir meydanı rejimin dəyişilməsini istəyənlər və bunu istəməyənlər - indiki prezident Hüsni Mübarəkin tərəfdarları arasında ordunun "sekundantlığı" ilə əlbəyaxa çarpışmalara şahid oldu. Xarici agentlikləri Qahirədən verdikləri xəbərlər, fotoşəkillər və videogörüntülər qorxulu bir xaosun yaşandığını göstərir.
"Azadlıq layiqdir o adama ki, onun yolunda hər gün döyüşə gedir" - deyimi rakursundan baxdıqda onun yolunda çarpışan insanlara rəğbət duymaya bilmirik. Azadlığı onlara qıymayan, kreslodan ikiəlli yapışan, bu 53 ildə çox böyük pullara sahiblənmiş Hüsni Mübarək isə bu halda getmək istəmir, payızadək taym-aut almaq fikrindədir. Onun xalqdan oğurlayıb mənimsədiyi pulların miqdarı milyardlarla ifadə edilir. Eynilə Tunis lideri Ben Əli kimi.
Çalxanan tək Misir deyil və tək Misir olmayacaq. Ərəb ölkələri - Tunis, Mərakeş, Əlcəzair, Suriya, Yəmən, İordaniya çalxanır. Bu dalğanın İranın, hətta Belarus və Orta Asiya ölkələri də daxil olmaqla bir çox digər avtoritar quruluşların üstünə yeriyəcəyi real sayılır. Bu ölkələrin hakimiyyətləri arasında bir narahatlığın yaşandığı açıq duyulur.
Tunis və Misir hadisələri açıq göstərdi ki, avtoritarizm riskli bir idarəetmə formasıdır, korrupsiya da şəxslər və hakimiyyətlər üçün fəlakətlə bitə bilər. Xalqı və onun problemlərini gözardı etmək, özünü müstəsna bir şəxsiyyət və müstəsna bir hakimiyyət sanmaq bir gün vətəndaşı küçələrə tökə bilər.
Bu hadisələr bir gerçəyi də bütün çılpaqlığı ilə xatırlatdı - dünyanın sabahı ədalət və demokratiya ilə bağlıdır.
Mübarək indiki halda xalqı sakitləşdirməyə çalışır, lakin ordunu və polisi xalqın üstünə göndərməyə də qorxur. Orduya və polisə "vur" əmri vermək özünün sonunu daha da yaxınlaşdırardı. Ona görə də öz əli dəyənəkli tərəfdarlarını irəli göndərməyi daha doğru sayır. Son xəbərlərə görə, Təhrir meydanında əlbəyaxa çarpışmalarda ölənlərin sayı 8 nəfərə çatıb, yaralananlar minə yaxındır...
Rejimin əleyhdarları Hüsni Mübarəkin dərhal istefasını tələb etməkdədirlər. Payızadək gözləmək istəmirlər. 82 yaşlı Hüsni Mübarəkin payızda prezidentliyə namizəd olmayacağı, oğlunun da belə bir təşəbbüsdə bulunmayacağı barədə bəyanatı qızışmış ehtirasları səngidə bilmir. Müxalifət "dərhal istefa"da təkid edir.
Fəqət mühafizəkarlar yekdil və arxalı, müxalifət - aralarında ziddiyyətlər, ideya fərqləri olan dəstələr halında...
Hər iki dəstənin ümumi düşməni isə, nə qədər qəribə görünsə də, jurnalistlər... Bu günlərdə Misir şəhərlərinin küçələrində çoxlu sayda əcnəbi jurnalist adamların zorakılığına məruz qalır. Onlar döyülür, kameraları və fotoaparatları əllərindən alınır. Bu da Misir inqilabının paradokslarından biridir.
Bakıda isə Mübarək narahat olmaya bilər. Onun Xırdalandakı heykəli salamatdır. Xanımının adı da bir orta məktəbin adında qalır.
|
|
|
Oxşar xəbərlər:
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
Misir saytı Azərbaycan xalqından üzr istəyib
Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək
Nazir xaricdə təhsil alan gənclərlə görüşüb
Balacaları 5 yaşından bağçaya göndərə bilməyəcəyik
|
|
|