Parlamentin 1 fevral iclasında spiker Oqtay Əsədovun Azərbaycandan AŞPA-ya "həddən çox QHT nümayəndəsinin və hüquq müdafiəçisinin getdiyini" vurğulaması hüquq müdafiəçilərini narahat edib.
Doğrudan da, spiker çoxsaylı QHT nümayəndəsinin AŞPA sessiyalarına qatılmasından narahatlığını ifadə etmişdi. "Bu sessiyada Azərbaycan heyətindən əlavə 25-30 şəxs gedib. Yalnız Azərbaycandan bu qədər insan dəvət olunur və ora gedənlərin birindən də müsbət fikir eşitmirsən. Biz bunu görmüşük. Elə bil hamısı əvvəlcədən planlaşdırılmış çıxışlardır və ancaq mənfi formadadır. Gərək bu məsələlərə diqqət edək", - deyə O.Əsədov bildirmişdi.
Bir qrup tanınmış hüquq müdafiəçisinin imzaladığı sənəddə qeyd olunur:
"QHT-lərin, o cümlədən hüquq müdafiəçilərinin istənilən beynəlxalq təşkilatın iclaslarına qatılmaq və orada müzakirə olunan mövzular ətrafında müzakirələrdə iştirak etmək və fikirlərini bölüşmək haqqı var. Ölkə Konstitusiyasının 47-ci (fikir və ifadə azadlığı) maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsi və digər yerli və beynəlxalq aktlarda fikir və ifadə azadlığına təminat verilir. Vətəndaş cəmiyyəti təmsilçilərinin bu müzakirələrə fəal cəlb olunmasının zəruriliyi demokratiyanın və plüralizmin əsas şərtlərindən biri kimi Avropa Şurasının çoxsaylı sənədlərində əksini tapıb. Spikerin "gərək bu məsələlərə diqqət edək" kimi açıqlamasını birbaşa təhdid kimi qiymətləndiririk. Biz demokratik cəmiyyətdə yüksək vəzifə tutan şəxslərin bu məzmunda çıxışlarının yolverilməz olduğunu vurğulamaqla beynəlxalq ictimaiyyəti, xüsusən Avropa Şurasının Parlament Assambleyasını bu hadisəyə reaksiya verməyə və hüquq müdafiəçilərinə dəstək göstərməyə çağırırıq".
|