Ötən il neftçilərin hüquqlarının ən çox pozulduğu il olub. Bunu dünən Azərbaycan Media Mərkəzində Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.
Onun sözlərinə görə, Dövlət Neft Şirkətinin (ARDNŞ) bölmələri də daxil olmaqla, şirkətdə texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində 10 nəfər həlak olub. 2009-cu ildə xəsarət nəticəsində 6 nəfər ölüb. Heç bir hüquqi əsas olmadan 22 min 559 nəfər işdən çıxarılıb. Onların əvəzinə işə 13 574 nəfər götürülüb. Bütün hallarda təcrübəli işçilər təcrübəsiz adamlarla əvəzlənib. İlkin hesablamalara görə (rəsmi məlumatlar açıqlanmır), 2010-cu ildə kadr siyasəti dəyişməyib.
Onun sözlərinə görə, sədri olduğu QHT ötən il min nəfərə yaxın neftçiyə hüquqi yardım göstərib:
"Ən kütləvi pozuntular vergidən yayınmaqla ikiqat mühasibatlıq, işə götürülmə ilə bağlı müqavilələrin birtərəfli pozulması, işdən çıxarılma zamanı birdəfəlik yardımın vaxtında ödənilmədiyi ilə əlaqədardır. Digər kütləvi pozuntular gecə növbələrinə, dənizdə əlavə işə görə haqqın ödənilmədiyidir".
Qəhrəmanlının sözlərinə görə, işəgötürənlərin özbaşınalığının əsas səbəbi həm işçilərin, həm də kadrlar şöbəsi rəhbərlərinin öz hüquq və vəzifələrini bilmədiyidir.
|