Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasına yeni əcnəbi atlet cəlb edilib. Bu barədə Ağır Atletika Federasiyasının icraçı direktoru İskəndər Əsgərov məlumat verib.
Onun sözlərinə görə, milli komandamız heyətini iranlı Yusif Fuladzadə ilə gücləndirmək niyyətindədir. Əsgərov bildirib ki, hələlik baxışda olan idmançı özünü yaxşı göstərəcəyi halda, milliləşdiriləcək:
"Fuladzadə artıq müəyyən müddətdir komandamızla birgə məşq edir. 105 kq çəkidə qüvvəsini sınayan 20 yaşlı atlet böyük perspektiv vəd edir. O həm də əslən azərbaycanlıdır".
Bu arada qadınlardan ibarət yığma komandamız da heyətini gücləndirir. İ.Əsgərov bildirib ki, əsas məqsəd bu komandanı da formalaşdırmaqdır: "İstəyirik ki, qadınlardan ibarət yığmamız da güclü komandalardan birinə çevrilsin. Bunun üçün yeni legioner cəlb etmişik. Bu, Bolqarıstandan olan Flamenadır. Onun soyadı və çəkisini hələlik sirr olaraq saxlayırıq ki, ortaya başqa problem çıxmasın".
Qeyd edək ki, London-2012-də medal qazanmağı planlaşdıran Ağır Atletika Federasiyası bu məqsədlə ötən il 3 bolqarıstanlı idmançını - Veliçko Çolakov, İvan Stoitsov və Silviya Angelovanı milliləşdirmişdi.
|