Bu həftə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Azərbaycan Boks Federasiyası (ABF) arasında müqavilə imzalandı. Müqavilə boks üzrə 2011-ci il dünya çemponatının Bakıda keçirilməsini nəzərdə tutur. Müqaviləni ali boks qurumunun adından AİBA-nın Bakıya səfərə gələn prezidenti Çinq-Kuo Vu və ABF prezidenti Kəmaləddin Heydərov imzalayıblar.
Sentyabrın 26-da başlanacaq və oktyabrın 8-dək davam edən yarışda minimum 100 ölkədən 600-dək idmançının iştirakı gözlənilir. Dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Belə ki, yarışda 92 idmançı olimpiya oyunlarında çıxış etmək hüququ qazanacaq. İlk 8 ölkənin hər birində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcəsinin hərəsində isə 6 nəfər Londonda çıxış etmək imkanı qazanacaq.
Müqavilənin imzalanma mərasimindən sonra çıxış edən Çinq-Kuo Vu Azərbaycan boksunun uğurlarından danışıb:
"Azərbaycan boksçuları beynəlxalq arenada uğurla çıxış edirlər. Güman edirəm ki, hər halda Azərbaycan London Olimpiadasında iki deyil, daha çox boksçu ilə təmsil olunacaq".
|