Futbol üzrə milli yığma komandamız üç gündən sonra, yəni fevralın 9-da bu ilin ikinci yoxlama oyununa çıxacaq. Berti Foqtsun komandası Dubayın "Əl-Əhli" idman arenasında Macarıstan yığması ilə münasibətlərə aydınlıq gətirəcək.
Yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan millimizin ilk yoxlama oyununda rəqibi yığma komanda deyil, klub komandası olub. Belə ki, Berti Foqtsun komandası Ukraynanın "Metallist" klubu ilə yoxlama oyununda qüvvəsini sınayıb. Futbolçularımız görüşə nömrəsiz formalarda çıxıblar. Bu da qarşılaşmanın daha çox məşq, ikitərəfli oyun xarakteri daşımasından irəli gəlib. Oyunun ilk 5 dəqiqəsində mübarizə əsasən mərkəzdə getsə də, ukraynalılar üstünlüyü ələ keçirməyə nail olublar. Bununla belə, gənc qapıçımız Andrey Popoviç ("Abşeron") və müdafiəçilərimizin fədakarlığı sayəsidə ilk hissədə qapımıza qol vurulmayıb.
Milli ikinci hissəyə 3 əvəzetmə ilə başlayıb. B.Foqts Vaqif Cavadov, Samir Zərgərov və Elnur Abdullayevin yerinə Fabio Luis Ramim, Elvin Məmmədov və Rail Məlikovu meydana buraxıb. Matçın sonlarında Xarkov komandası hesabı açıb. Oyun "Metallist"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Əslində, Xarkov təmsilçisi ilə görüş daha çox məşq, ikitərəfli oyun xarakteri daşıyırdı. Ən azı ona görə ki, dünya praktikasında klublarla yığmalar arasında görüşlərin nəticəsi nəzərə alınmır. Təbii ki, Azərbaycan - "Metallist" oyunu da FİFA reytinqinə düşməyəcək.
Millimizin Dubay toplantısında əsas diqqət, sözsüz ki, fevralın 9-da keçiriləcək oyuna yönələcək. Həmin gün Macarıstanla yoldaşlıq görüşü keçirəcəyik və bu FİFA-nın beynəlxalq oyunlar üçün ayırdığı günlərə aiddir. Odur ki, ölkədən kənarda çıxış edən futbolçularımız - yığmanın kapitanı Rəşad Sadıqovla ("Eskişehirspor", Türkiyə), vitse-kapitan Mahir Şükürov ("Anji", Rusiya) həmin oyuna çıxacaqlar. Qeyd edək ki, FİFA-nın qaydalarına görə, klublar yoldaşlıq oyunlarına 2 sutka qalmış futbolçuları yığmaya buraxmağa borcludurlar.
Fevralın 9-da Azərbaycan yığmasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri də yoxlama görüşlərində qüvvələrini sınayacaqlar. Qrupumuzda yer alan 5 komandadan yalnız Qazaxıstan futbolçuları Berti Foqtsun yetirmələri kimi neytral meydanda qüvvəsini sınayacaq. Onlar Belorus yığması ilə Antalyada üz-üzə gələcəklər. Qrupumuzda yer alan Belçika, Almaniya və Türkiyə öz meydanında oynayacaqlar. Onlar müvafiq olaraq Finlandiya, İtaliya və Cənubi Koreya yığmaları ilə qarşılaşacaqlar. Digər rəqiblərimiz - Avstriya isə səfərdə Hollandiya milli komandasının qonağı olacaq.
|