Almaniya Azərbaycanlıların Koordinasiya Mərkəzində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təsis iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təsis iclasında Azərbaycanın Almaniya səfiri Pərviz Şahbazov, səfirliyin əməkdaşları, Bundestaqın sabiq üzvü Haqqı Kəskin, Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəttin Kaya, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, türk və Azərbaycan diasporunun çoxlu sayda üzvləri iştirak ediblər.
Birliyin yaradılmasında məqsəd Almaniyadakı Azərbaycan Diasporu və türk icmaları arasındakı əlaqələrin möhkəmlənməsi və hər iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. Toplantıda Birliyin Nizamnaməsi müzakirə edilib, idarəetmə orqanları, Sədr və İdarə Heyəti seçilib. Bundestaqın sabiq üzvü Haqqı Kəskin Almaniyadakı Türk-Azərbaycan Birliyinin sədri, Almaniya Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova və Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəttin Kaya sədrin müavinləri seçiliblər.
|