Dünən prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. APA-nın xəbərinə görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın məlumatında bildirilib.
Toplantı Komissiyanın illik fəaliyyətinin yekunlarına və NK-nın son iclasında ölkə prezidentinin nitqindən irəli gələn vəzifələrə həsr olunub. Toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri və paytaxt rayonlarının İH başçıları iştirak ediblər.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev məruzə ilə çıxış edib. Natiq toplantı iştirakçılarının və Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəldib. İclasda prezident iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib.
Komissiyanın toplantısının prezident İlham Əliyevin xüsusi tapşırığı ilə keçirildiyini bildirən Ramiz Mehdiyev deyib: "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır".
Administrasiya rəhbəri deyib ki, mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çoxsaylı müraciətlər daxil olur.
Toplantıda əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklər təklif olunub.
|