MDB və Baltikyanı ölkələr çempionlarının iştirakı ilə keçirilən "Birlik Kuboku" turnirinə yekun vurulub. Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən XIX ənənəvi yarışın finalında Azərbaycan çempionu "İnter" Belarus çempionatının gümüş medalçısı "Şaxtyor"a qalib gələrək, ilk dəfə turnirin qalibi olub.
Final matçının əsas vaxtında qalib müəyyən olunmayıb. Hər biri 10 dəqiqə olmaqla əlavə vaxtlardə da güclünü təyin etmək mümkün olmayıb. Belə olan halda, qapılara penalti zərbələri təyin edilib. Zərbələri daha dəqiq yerinə yetirən "İnter" futbolçuları "Birlik Kuboku"nun əsas mükafatını Bakıya gətiriblər.
"İnter" "Birlik Kuboku"nu qazanan 3-cü Azərbaycan komandası oldu. Bakı klubu bununla da "Birlik Kuboku" yarışlarında "Neftçi" və "Xəzər-Lənkəran"ın nailiyyətlərini təkrarladı.
Ümumilikdə isə ölkəmiz dördüncü dəfə "Birlik Kuboku"nun həlledici oyununa vəsiqə qazanmışdı. "Neftçi"nin "Xəzər-Lənkəran" və "İnter"dən üstünlüyü bu komandanın iki dəfə finala çıxmasıdır. Bizim "Birlik Kuboku"nda finala yolumuzu da məhz flaqman açıb. Bu, 2005-ci ildə Moskvada olub və finalda meydan sahibi olan "Lokomotiv"ə 1:2 hesabı ilə uduzmuşuq. Hər halda, həmin turnir bizim üçün çox uğurlu olub. Buna bariz nümunə kimi komandamızın təkcə ilk dəfə finala çıxdığını yox, Ermənistan "Pünik"inə qalib gəlməsidir (2:0).
Növbəti il "Neftçi" yenə finala çıxsa da, bu dəfə qələbəni əldən vermədi. Yenə komandanın sükanı arxasında olan Ağasəlim Mircavadov Litvanın "Kaunas" klubuna 4:2 hesabı ilə qalib gəldi.
Hər halda, "İnter"in də "Neftçi" və "Xəzər-Lənkəran"dan üstün cəhəti var. Bu da komandanın turnirdə bütün oyunlarda qalib gəlməsi, qapısından top buraxmamasıdır. "İnter" bu baxımdan hazırkı turnirin bütün iştirakçılarını üstələyir. Qeyd edək ki, "İnter" "Birlik Kuboku"nda debüt etdiyi 2009-cu ildə yarımfinalda Qazaxıstanın "Aktobe" klubuna yenilmişdi.
Qeyd edək ki, "İnter"ə qədər 2006-cı ildə "Neftçi" Moskvada, 2 il sonra isə "Xəzər-Lənkəran" Sankt-Peterburqda turnirin qalibi olub.
Yeri gəlmişkən, "Birlik Kuboku"nda dəyişiklik edilə bilər. Turniri təşkil edən Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko yarışı daha qışda keçirməyəcəklərini bildirib. Onun sözlərinə görə, "Birlik Kuboku" bundan sonra böyük ehtimalla yayda olacaq. Bundan başqa, Fursenko böyük məbləğdə pul mükafatının da təsis ediləcəyini bildirib. Bu isə turnirə marağı qaytarmaq, iştirakçıların mübarizlik ruhunu artırmağa görədir.
|