Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının rəhbəri İskəndər Cavadov "azerisrort.com" saytına müsahibə verib. O, müsahibəsində Azərbaycan çempionu "İnter"in "Birlik Kuboku"ndakı çıxışına toxunub. Maraqlı olacağını nəzərə alıb, müsahibəni oxucuların diqqətinə çatdırırıq.
- "Birlik Kuboku"nun keçirildiyi günlərdə siz də Sankt-Peterburqda olmusunuz. Komandamızın oyununu necə dəyərləndirirsiz?
- Yarışın nəticəsi hamıya məlumdur. Çox şadam ki, kubok Azərbaycan komandasına nəsib oldu. Mən deyərdim ki, biz Rusiyada üç qələbə qazandıq. Əvvəla, Ermənistan komandasına qalib gəldik, sonra "Birlik Kuboku"nun əsas mükafatını qazandıq, nəhayət, Azərbaycan bayrağını qaldırdıq. Yarış günlərində Sankt-Peterburqda yaşayan azərbaycanlılar durmadan bizə dəstək olurdular. Buna görə onlara minnətdarıq.
- Sizcə, "Birlik Kuboku"nda qələbə bizə nə verir?
- Bununla üçüncü dəfədir turnirin baş mükafatı Bakıya gətirilir. Bu qələbə uşaq və yeniyetmə futbolçular üçün stimul ola bilər. Digər tərəfdən, klublar artıq daha böyük məqsədlər uğrunda mübarizə aparmalıdır. Azərbaycan çempionu olan komanda bundan sonra yalnız "Birlik Kuboku"nda qələbə ilə kifayətlənməməlidir, Avropada da öz bacarığımızı göstərməliyik. Çempionlar Liqasının əsas mərhələsinə, Avropa Liqasının qrup mərhələsinə düşməyi bacarmaq lazımdır. Bax onda, deyərəm, klublarımızın səviyyəsi artıb.
- Bəs klublarımızın Avropada uğurlu çıxışı realdırmı?
- Bu sualı klublara ünvanlasanız yaxşı olar. Çempionatdan sonra ölkədə futbolun səviyyəsi haqqında düşünmək lazımdır. "Birlik Kuboku"nda qələbədən sonra Avropa miqyaslı turnirlərdə uğurla çıxış etməyi qarşıya məqsəd qoymaq lazımdır.
- Rusiya və Ukrayna çempionlarının turnirə gəlməkdən imtina etməsi yarışı nüfuzdan salırmı?
- Bu komandalar "Birlik Kuboku"na sayğısızlıq göstərir. Çox istərdim Sankt-Peterburqun "Zenit", yaxud Donetskin "Şaxtyor" klubunun oyununu görüm. Elə Belarusun BATE-si də yarışa gələ bilərdi. Azərbaycanı ölkə çempionu təmsil edir. İstərdik ki, Rusiya, Ukrayna və Belarus da bu turnirə çempionlarını göndərsinlər. Belə olsa, yarışa maraq da böyük olar, stadiona daha çox fanat toplaşar.
- Turnirin yayda keçirilməsinə münasibətiniz necədir?
- Klublar gələ bilsə, turnir yayda təşkil oluna bilər. İştirakçı ölkələrin federasiyaları və komandalarla danışıqlar olmalıdır. Turniri yaşatmaq lazımdır. Təşkilatçılar yarışın mükafat fondunu artırmalı, elə etməlidirlər ki, turnir sanballı olsun.
- "Neftçi" və "Xəzər-Lənkəran"dan sonra "İnter" də "Birlik Kuboku"nun əsas mükafatını Bakıya gətirdi. Bu bizim üçün nə deməkdir?
- Biz bununla MDB məkanında öz sözümüzü dedik. "Birlik Kuboku"nu üç dəfə qazanmaq, hətta orda güclü komandalar çıxış etməsə belə, sadə məsələ deyil. Belə davam etsə, biz də həmin turnirdə əvəzedici heyətlə iştirak edə bilərik. Qoy, gedib təcrübə toplasınlar.
|