Fermerlərə ayrılan subsidiyaların verilmə qaydalarında dəyişiklik olacaq. Hər halda, KTN şöbə müdiri İslam İbrahimovun sözlərinə görə, aparılan müzakirələrin nəticəsi olaraq Nazirlər Kabinetinin qərar verəcəyi gözlənir.
Hesab edilir ki, subsidiyaların bölüşdürülmə mexanizmi dəyişməlidir. Hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür. Bu isə subsidiyalar və istehsal edilmiş məhsul arasında əlaqəni formalaşdıra bilmir. Odur ki, subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcmini də əsas götürmək məqsədəuyğun görülür.
Dolayı subsidiyaların tətbiqinə keçid də vacib sayılır. Bu zaman ABŞ-da olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət tavanı müəyyənləşdirir və əkin mövsümündə sözügedən məhsullar həmin qiymətə alınır. Azərbaycanda da taxıl məhsulları üzrə belə bir qiymət tavanı müəyyənləşdirilə bilər. Bu addım fermerlərə öz xərc və gəlirlərini öncədən proqnozlaşdırmağa imkan verməklə, strateji məhsulların istehsalını artırar.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirirlər ki, taxıl və pambıq yığımına nail olmaq üçün subsidiya xərcləri müvafiq olaraq 1,5-2 dəfə artmalıdır. Çünki taxıl əkini üçün 120 manat, pambıq üçün isə 80 manat subsidiya verilsə, bu, onların yanacaq xərclərinin tam ödənilməsinə imkan yaradar. Hesablamalara görə, taxıl əkən fermerlərə yanacaq xərci üçün əlavə 32 manat verilsə, bu istiqamətdə olan xərclər tam ödənilər. Əsas məqsəd ondan ibarətdir ki, taxıl əkini ilə məşğul olan fermerlərin gəliri xərcindən çox olsun. Bu məbləği hesablayan zaman dünya bazarında qiymət dəyişikliyi də nəzərə alınıb.
İcra hakimiyyətləri bu işə qarışmasın...
Ekspertlər subsidiyaların verilməsinə nəzarəti gücləndirməyi də vacib sayırlar. Xatırladaq ki, ötən il Maliyyə Nazirliyi bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının subsidiyaların verilmə prosesinə müdaxiləsini aşkara çıxarmışdı. Bu kimi şübhəli müdaxilələr subsidiyaların aqrar sektora müsbət təsirini azaldır.
Buna görə də, ekspertlərin fikrincə, subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsi və bu yardımların verilməsi üzrə "qaynar xəttin" təşkilinə ehtiyac var. O cümlədən, subsidiyalar üzrə formalaşdırılan komissiyalara vətəndaş cəmiyyəti üzvlərinin, ekspertlərin cəlb edilməsi lazım bilinir.
Sirr deyil ki, fermerlərin əkin sahələrinin və eləcə də strateji və ya strateji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi nöqsanlar var. Bir sıra hallarda əkin sahələrinin həcmi real mövcud olandan daha çox göstərilir, bəzi hallarda strateji məhsul istehsal edilməyən sahə strateji məhsul istehsalı kimi sənədləşdirilir və bu da subsidiyaların verilməsində əyintilərə səbəb olur. Hesab edilir ki, vətəndaş cəmiyyəti nümayəndələrinin bu komissiyalara daxil edilməsi şəffaflığa yardım edər.
|