Mövcud ipoteka modelinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Odur ki, "Tikinti əmanət bankları haqqında" qanun qəbul ediləcək. Bu qanunun qəbulundan sonra ipoteka kreditləri üzrə alman modeli tətbiq ediləcək. Yeni modeldə əhalinin əmanətlərinin yığımları vasitəsi ilə ipotekanın verilmə sistemi qurulur.
Ötən il olduğu kimi, cari ildə də dövlət büdcəsindən ipoteka kreditləşməsinə 14 milyon manat ayrılıb. Amma kommersiya və sosial ipotekaya tələbat yüksəkdir. MB sədri Elman Rüstəmov mətbuata bildirir ki, hökumət mənzil maliyyələşdirilməsinin həcmini genişləndirmək üçün əlavə imkanlar axtarır.
E.Rüstəmovun sözlərinə görə, ölkədə ipoteka kreditlərinə tələbat tikinti sektorunun fəallığı ilə əlaqədardır. "Mənzil satışının həcmi, bu sektora qoyulan investisiyaların azad edilməsi ipoteka bazarının inkişafından asılı olacaq ki, onlar yenidən ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilə bilsin".
MB nəzdində fəaliyyət göstərən İpoteka Fondunun xətti ilə 2010-cu ildə 95,9 milyon manat kredit verilib. Bundan əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 90,5 milyon manat təşkil edib. 2010-cu il dövlət büdcəsindən sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulan 14 milyon manat ayrılıb. 2010-cu ildə AİF-in 81 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib.
Yeri gəlmişkən, MB cari ildə ölkənin bank sektorunun inkişafının sürətlənəcəyini gözləyir. E.Rüstəmov "Trend"ə açıqlamasında deyir:
"Bu gün bank sektorunda vəziyyət sabitdir. Proqnozlarımıza görə, bu il sektorun inkişafı daha da sürətlənəcək və bu indidən müşahidə olunur. Banklar artıq böhran dövrünün problemləri ilə tanışdır, buna görə də onlar xeyli ehtiyat həcm yaradıblar. Lakin bu prosesin davam etməsi lazımdır".
|