Ölkəmizin bir çox klubları kimi "Qəbələ" də qış hazırlığı üçün Türkiyənin Antalya şəhərini seçib. Artıq üç gündür bu şəhərdə komandasının təlim-məşq toplantısına başçılıq edən Toni Adams jurnalistlər üçün müsahibə verib. "Azerisrort.com"da yayımlanan müsahibəni qısa ixtisarla oxucularımıza təqdim edirik.
İngilis mütəxəssis əvvəlcə təlim-məşq toplantısının gedişinə toxunub:
"Hazırlığımız plan üzrə gedir. Mən bu təlim-məşq toplanışını çempionatın növbəti turunda - fevralın 13-də "Qarabağ"la oyuna əsas hazırlıq adlandırardım. XIX turdan sonra futbolçuları 3 həftəlik istirahətə buraxsam da, onlar klubun düşərgəsinə qənaətbəxş vəziyyətdə qayıdıblar".
Toni Adams "Qəbələ"nin digər komandalara nisbətən hazırlığa gec başlamasına da aydınlıq gətirib:
"Komandanın bundan tez toplaşmasına ehtiyac duymadım. Futbolçularım peşəkarlardır, onlara nəyisə izah eləməyə ehtiyac yoxdur. Əvvəllər futbolçular istirahətə buraxılanda çoxlu alkohol qəbul edir, çox yeyir və çəkilərinə nəzarət etmirdilər. İndi isə hər şey dəyişib. Futbolçularım necə istirahət etməyi yaxşı bilirlər. Biz indi toplaşsaq da, futbolçularım yanvarın 2-dən etibarən proqram üzrə məşq eləyiblər".
İngiltərəli baş məşqçi komandaya baxışa gələn futbolçular haqqında da məlumat verib: "Hazırda hollandiyalı futbolçular komandada baxışdadırlar. Hücumçular İvan Redan və Con Kollinz haqda fikirlərimi bilmək istəyirsizsə, onu deyə bilərəm ki, onları yoxlama oyunlarında sınaqdan çıxaracağıq. Fiziki cəhətdən hazırlıqlı olsalar da, son qərarı onların oyununu gördükdən sonra verəcəyəm".
Toni Adams qış fasiləsində bir neçə futbolçu ilə yollarını ayıracaqlarını da bildirib: "Biz cəmi 3 futbolçu ilə yollarımızı ayırdıq. Asif Qədiri və Pərvin Paşayev getmək istədiklərini dedilər. Rəhman Musayevi isə 6 aylıq "Abşeron"a icarəyə vermişik. İndi komandayla 22 futbolçu məşq edir. Ancaq onlardan yalnız 17-18-i mənim tələbələrimə cavab verir. İndiki halda kiminsə zəif olduğunu, kimi dəvət etmək istədiyimizi demək düzgün olmazdı. Əvvəlcə yeni futbolçuların potensialını dəyərləndirmək, sonra qərar vermək istəyirəm. Hazırda Afrikadan futbolçular gözləyirik. Adlarını çəkməyəcəm, amma onlar bu günlərdə komandanın düşərgəsinə gələcəklər.
|