Hüquq müdafiəçisi Vidadi İsgəndərov yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş müstəntiq Aftandil Ağayevin yenidən prokurorluq sistemində vəzifə almasına dair Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun mətbuat mərkəzində mətbuat konfransı keçirib.
Hüquq müdafiəçisi 2010-cu ilin avqustuna qədər Göyçay rayon prokurorluğunda müstəntiq işləyən Aftandil Ağayevi rüşvətxorluqda ittiham edib. Onun sözlərinə görə, 2009-cu ilin noyabrında Göyçay rayon sakini Nəriman Ağayevin qızı vəfat edib, müstəntiq ölümün səbəbini müəyyən etmək adı ilə meyiti polis gücünə zorla alıb, sonra yiyəsinə qaytarmaq üçün 3 min manat rüşvət tələb edib.
"Nəriman Ağayev isə cəmi min manat pulu olduğunu deyib və pulu verərək qızının meyitini alıb. Bu zaman Aftandil Ağayev meyitin ekskumasiya olunması haqda saxta sənəd hazırlayıb", - deyə qeyd edən Vidadi İsgəndərov onu da bildirib ki, keçmiş müstəntiq barəsində istintaq getməsinə baxmayaraq Tərtər rayon prokurorunun baş köməkçisi vəzifəsinə təyin edilib, amma bu əmr ölkə prokurorluğunun rəsmi saytında əksini tapmır.
|