Hökumət Salyan və Sabirabad rayonlarından ötən yaz baş vermiş iri miqyaslı daşqından zərər çəkən 3 minə yaxın ailəni köçürmək planını qüvvədə saxlayıb. Dövlət Su Təsərrüfatı və Meliorasiya Komitəsinin sədr müavini Zakir Quliyev "AzTV"yə bildirib ki, Dövlət Komitəsi Nazirlər Kabinetinə köçürülmə haqqında təklif göndərib.
"Turan"ın şərhinə görə, Kür çayı hövzəsində vəziyyəti öyrənən Dövlət Komissiyasının işini hələ yekunlaşdırmadığını nəzərə alsaq, Quliyevin bəyanatı qəribə səslənir. Bir müddət əvvəl FHN bildirmişdi ki, iki Hollandiya şirkətinə çaya bitişik rayonlarda su balansının tənzimlənməsi və müdafiə layihəsi sifariş olunub. FHN nümayəndəsi Tariyel Hüseynovun "Turan" agentliyinə cavab məktubunda deyilir ki, bir sıra nazirlik və idarələrin, Hollandiyanın "Deltares Royal və Haskoning" şirkətləri nümayəndələrindən ibarət komissiya gələcəkdə daşqınların qarşısının alınması üzrə kompleks tədbirlər planı hazırlamalıdır.
Bəlli olduğu kimi, ötən ilin mayında dövlət qurumlarının, o cümlədən Dövlət Su Təsərrüfatı və Meliorasiya Komitəsinin səhlənkarlığı nəticəsində Kür çayı daşaraq, 110 min ha torpaq sahəsini və 20 minə yaxın evi su altında qoyub. Yerli sakinlər onların məhsuldar torpaqlardan köçürülmələri məqsədilə daşqının süni şəkildə törədildiyini iddia edirlər.
QHT-lər və KİV qeyd edirdi ki, 2005-2009-cu illərdə su təsərrüfatına müxtəlif tədbirlərin görülməsi üçün 1 mlrd. manat vəsait ayrılıb, lakin bu məbləğin böyük hissəsi mənimsənilib. Daşqından sonra hökumət fəlakətin nəticələrinin aradan qaldırılmasına 300 mln. manat ayırdı. Bu vəsaitin taleyi naməlum olaraq qalır, 2010-cu il üçün nəticələrin aradan qaldırılması planları isə baş tutmayıb.
Məlumata görə, hökumətin qeyri-ardıcıl fəaliyyəti fəlakət zonasında güclü sosial gərginlik yaradıb. Vətəndaşlar daşqın zonasında və Bakıda Prezident Administrasiyası və hökumət binaları qarşısında tez-tez mitinq və piketlər keçirib. Humanitar yardımın, pul kompensasiyalarının oğurlanması, mənzil və infrastruktur tikintisi zamanı vəsaitlərin mənimsənilməsi halları qeydə alınıb.
FHN Hollandiya şirkətlərini hər yolla ictimaiyyət və KİV-lə əlaqələrdən təcrid edir. Belə ki, Salyan rayonunda yerli hüquq müdafiəçisi Emil Məmmədov Hollandiya eksperti ilə danışmaq istərkən FHN işçisi Elxan Əsədovun təzyiqinə məruz qalıb.
|