"Astara rayonunda torpaq sahələri ilə bağlı yeni fırıldaqçılıq növü yayılır". Bu barədə dünən Media Mərkəzindəki mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov məlumat verib ("Turan").
Onun sözlərinə görə, rayonun Şahağacı kəndində icra hakimiyyətinin nümayəndəsi Tofiq Əliyev yalan yolu ilə sahibkar Vaqif Quliyevdən 14,5 min dollar alıb və başqa fiziki şəxslərə məxsus olan 30 sot torpağı onun adına keçirməyi vəd edib.
Pulun əvəzində V.Quliyevə Samir Baxşiyev, Təranə İmamverdiyeva, Ayazə İmanova və digərlərinin adına olan torpaqlar üzərində mülkiyyət haqqında şəhadətnamə verilib. Sənədlərə bu şəxslərin torpaq sahələrindən imtina etmələri barədə ərizələri əlavə edilib.
"Hüquqi savadsızlığı nəticəsində fermer Vaqif Quliyev son vaxtlaradək özünü bu sahələrin sahibi sayırdı. Lakin sonradan məlum oldu ki, torpaq sahəsi icra hakimiyyəti nümayəndəsinin qohumları Cəmil Məmmədov və Azər Səfərova verilib. Bunu "İpək yolu" dövlətlərarası yolun hissəsinin tikintisi ilə əlaqədar əmlakın siyahıya alınması üzrə komissiya aşkara çıxarıb. Komissiyanın sənədlərində torpaq sahəsinin Məmmədov və Səfərova məxsus olması haqqında sənədlər var və hər bir sot torpaq sahəsi 20 min manat dəyərində qiymətləndirilib. Bu kompensasiya tikililərin və yüzlərlə meyvə ağaclarının olması nəzərə alınmaqla müəyyən edilib".
Fermer Vaqif Quliyevin sözlərinə görə, o, Astara rayon rəhbərliyinə çoxsaylı məktub göndərib, lakin müraciətləri cavabsız qalır.
|