Dünən MM iqtisadi siyasət komitəsinin yaz sessiyasında ilk iclas keçirilib. AzərTAc-ın məlumatına əsasən, iclasda "İcbari sığortalar haqqında" qanun layihəsi müzakirə olunub. Komitə sədri, akademik Ziyad Səmədzadə deyib ki, Azərbaycanda icbari sığorta sektoru kifayət qədər inkişaf etməyib. Qanunda məqsəd sığorta bazarını inkişaf etdirməkdir.
Bu qanun icbari sığortada yaranan münasibətləri tənzimləyəcək, sığortaçıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərini qoruyacaq. Ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını müəyyən edəcək.
Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, yeni qanun 74 maddədən və iki hissədən ibarətdir. Ümumi hissədə qanunun mahiyyəti ilə bağlı izahat verilib. Xüsusi hissə sığorta növləri barəsindədir. Qanunda icbari sığortanın dörd növü nəzərdə tutulub. Bunlar daşınmaz əmlakın icbari sığortası (yanğınlar, partlayışlar, elektrik qısaqapanmasından baş verən partlayışlar, texniki qəzalar, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qəsdən etdiyi hərəkətlər və s), nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortasıdır.
Nazir müavini deyib ki, bu gün nəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığorta məbləği formal xarakter daşıyır. Burada nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı mərkəzi məlumat bazasının yaradılması da nəzərdə tutulub. Avropa ölkələrində olduğu kimi, sürücü 3-4 illik sığorta ödəyir və bu müddətdə qəza törətmirsə, sığorta ödənişləri aşağı salınır, əks halda isə artırılır.
Qanun qəbul olunduqdan sonra sərnişindaşıma ilə (şəhərdaxili və qəsəbədaxili sərnişindaşıma istisna olunmaqla) məşğul olan nəqliyyat vasitələrinin sahibləri daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər. Nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği 5 min manat təklif edilir.
Qanun layihəsində daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə sığorta məbləğləri də əksini tapıb. Belə ki, fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50 min manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərərə görə 50 min manat təklif olunur. Layihədə sığorta edənlərin, sığorta olunanların hüquq və vəzifələri, məsuliyyəti və s. əksini tapır.
Layihə ilə bağlı komitə sədrinin müavini Çingiz Əsədullayev, deputatlardan Vahid Əhmədov, Əli Məsimli və başqaları çıxış edərək rəy və təkliflərini bildiriblər. Sonda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
|