Bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Fazil Nəbiyev danışaraq bildirdi ki, 2009-cu ildə 3809, ötən il isə 4300 sahibsiz it zərərsizləşdirilib.
Görülən bu işlər quduzluq xəstəliyinə qarşı profilaktik tədbir sayılır. Bunun icrası üçün təmizlik idarəsindən xüsusi işçilər ayrılıb ki, onlar şəhərin müxtəlif ərazilərində sahibsiz itləri zərərsizləşdirməklə məşğuldur. Bu işlər şəhərin bütün ərazilərində, xüsusən də xəstəxanaların arxa tərəflərində, dəmiryol vağzalı həndəvərində, Yeni Gəncə qəsəbəsində, ayrı-ayrı obyektlərin həyətində və s. yerlərdə aparılır.
F.Nəbiyev ötən il şəhərdə quduzluq xəstəliyinin qeydə alınmamasını görülən bu işlərin nəticəsi kimi dəyərləndirir. Təkcə 2010-cu ilin 10 ayı ərzində şəhərdə 505 nəfəri it dişləmişdi. Zədələnən şəxslərə quduzluğa qarşı peyvənd vurulduğundan onların heç birində bu xəstəlik baş verməyib. Həkim dedi ki, şəhərin 2 saylı poliklinikasında fəaliyyət göstərən zədələnmə məntəqəsində it dişləmə ilə xəsarət alanlara vaksin vurulur. Mərkəzin epidemiologiya şöbəsinin müdiri Almaz Tomuyeva bildirdi ki, it dişləyən adamlar mütləq peyvənd edilir. Həkim izah etdi:
"Dişləyən it baytarlıq idarəsinin işçiləri və zədələnən şəxsin özü tərəfindən nəzarətdə olur. Əgər 10 gün ərzində it tələf olmursa, o zaman həmin şəxsə 3 vaksin vurulması kifayətdir. Yox əgər əksinə olarsa, onda 3 ay ərzində bu adama 10 vaksin vurmaqla quduzluqdan sığorta edilir".
Tomuyeva əlavə etdi ki, bu peyvəndlər təkcə it dişləməsində deyil, başqa vəhşi heyvan (çaqqal, siçan, siçovul, meymun) dişləmələrində də vurulur. Zədələnmiş şəxslərə əlavə olaraq tetanus əleyhinə peyvənd də vurulur. Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasovun gətirdiyi rəqəmə görə, ötən il onların idarəsi 800 iti quduzluğa qarşı peyvənd ediblər. Onlar yalnız sahibi olan itlərdə, fərdi it təsərrüfatı olan sahibkarlıq obyektlərində də peyvəndləmə aparırlar. Quduzluq xəstəliyinə qarşı bu vaksinləmə əməliyyatının ildə yalnız 1 dəfə görüldüyü deyilir.
|