Dünən İqtisadi Tədqiqatlar Mərkəzi İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilən "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi" layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin dekabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim etdi.
Aparılmış statistik müşahidələrin nəticəsi göstərir ki, ay ərzində istehlak qiymətləri 2,09 faiz artıb. Bu zaman Bakıda qiymətlər 2,83 faiz, regionlarda isə 1,36 faiz artıb. Ötən ilin on iki ayında ölkədə 11,45 faiz inflyasiya baş verib.
Konfransda qeyd edildi ki, dekabr ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə istilik xiyarı (87,38 faiz), istilik pomidoru (35,51 faiz), ərik qurusu (31,68 faiz), yerkökü (23,33 faiz) və lumuda (12,08 faiz), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından qarabaşaq yarması (16,50 faiz), buğda unu (6,27 faiz), qeyri-ərzaq məhsullarından isə laminat parketdə (9,09 faiz) qeydə alınıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Azərbaycanın 22 regionunda 2010-cu ilin dekabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında minimum istehlak səbətinin dəyərini də hesablayıblar.
Hesablamalara əsasən, ötən ilin son ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 160,66 manat, pensiyaçılar üçün 146,16 manat, 0-14 yaşlı uşaqlar üçünsə 199,39 manat təşkil edib. Ay ərzində əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 100,74 manat, pensiyaçılar 91,10 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 114,36 manat xərcləməli olub.
Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 34,82 manat, pensiyaçılar üçün 32,80 manat, 0-14 yaşlı uşaqlar üçün 67,56 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,10 manat, 22,26 manat və 17,47 manat təşkil edib. Xatırladaq ki, "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
Mərkəzin idarə heyəti sədri Qubad İbadoğlu onu da vurğuladı ki, 2011-ci il üçün proqnoz inflyasiyası 11,2 faizdir.
|