Qadın voleybolçulardan ibarət 4 komandamız Avropanın klub turnirlərində uğurla çıxış etməkdədir. Azərbaycan çempionu "Rabitə" Çempionlar Liqasında, digər üç komandamız isə "Celenc Cur" turnirində mübarizə aparır. "Rabitə" turnirin qrup mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə, "Lokomotiv", "İqtisadçı" və "Azərreyl" isə 1/8 finala vəsiqəni təmin ediblər.
Bakının "Rabitə" voleybol klubu Çempionlar Liqasının qrup mərhələsinin son turunda Rumıniyanın "Dinamo-Romprest" klubunu məğlub edərək, mərhələni qrup qalibi kimi başa vurub. Komandamızın pley-off mərhələsində potensial rəqibləri artıq məlumdur. Növbəti mərhələyə Azərbaycan çempionu ilə yanaşı, 7 ölkənin 11 komandası da vəsiqə qazanıb. Bunlar Türkiyənin "Fənərbaxça", "Əczaçıbaşı" və "Vakıfgünəş Telekom", İtaliyanın "Skavolini" və "Villa Korteze", Polşanın "Bank BPS Fakro" və "Aluprof", Fransanın "Kann", Rusiyanın "Dinamo" (Moskva), İsveçrənin "Volero" və Çexiyanın "Modranska" klublarıdır.
Pley-off mərhələsinin püşkatma mərasimi fevralın 14-də keçirilir. Həmin gün yarışın həlledici mərhələsi sayılan "Dördlər finalı"na ev sahibliyi edəcək ölkənin də adına aydınlıq gələcək. Bundan sonra pley-offa vəsiqə qazanan həmin klubun Rusiyanın "Zareçye Odinsova" ilə əvəz ediləcəyi gözlənilir. Yeri gəlmişkən, "Dördlər finalı"na ev sahibliyi etmək üçün "Rabitə" də Avropa Voleybol Konfederasiyasına rəsmən müraciət edib.
Azərbaycan Super Liqasının bürünc mükafatçısı "İqtisadçı" "Selenc Cur" turnirinin 1/16 final mərhələsində Serbiyanın "Tent" komandasını yarışdan kənarlaşdırıb. İlk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn voleybolçularımız bu üstünlüyü cavab qarşılaşmasında da əldən verməyiblər. Belçikalı baş məşqçi Jan de Brandtın gəlişindən sonra daha baxımlı oynayan universitet komandası cavab matçında da rəqibinə tam üstünlüklə qalib gəlib - 3:0 (25:22, 25:16, 25:14) Beləliklə, "İqtisadçı" 1/8 final mərhələsinə çıxmaqda çətinlik çəkməyib.
Ölkəmizin ən titullu klubu "Azərreyl" də "Selenc Cur" turnirinin 1/8 finalına vəsiqə qazanıb. Bakı voleybolçuları 1/16 finalda Yunanıstanın "Olimpiakos" komandasını mübarizədən kənarlaşdırıb. Rəqib komandanın istəyinə uyğun olaraq görüşlərin hər ikisi Bakıda təşkil olunub. Hər iki oyunda Yunanıstan çempionuna Bakıda "voleybol dərsi" (3:0 və 3:0) keçən "Azərreyl" mübarizəni davam etdirir.
"Lokomotiv" klubu isə Avstriyanın "A Linz-Steg" komandasını mübarizəni dayandırmağa məcbur edib. Səfərdə rəqibə 3:0 hesabı ilə qalib gələn Azərbaycan çempionatının gümüş mükafatçısı Bakıda da asan qələbə qazanıb. Növbəti mərhələdə "Lokomotiv"ə rəqib olacaq komandanın adı artıq bəllidir. Bu, Kiprin "Apallon Limassol" komandasıdır.
|