Bu gün "Sərhədçi" idman kompleksində cüdo üzrə "World Masters" beynəlxalq reytinq turniri başlanır. Mükafatlar uğrunda 41 ölkənin idmançısı mübarizə aparacaq. Yaponiya, Koreya, Rusiya, Kolumbiya, Sloveniya, Monqolustan, Misir, İspaniya, Fransa, Hollandiya, Belçika və bir çox ölkələrin ən güclü idmançıları Bakı tatamisində qüvvələrini sınayacaq. Müqayisə üçün deyək ki, ötən il Koreyanın Suvon şəhərində keçirilmiş bənzər turnirdə 31 ölkə cüdoçusu çıxış etmişdi.
Turnirin açılışında iştirak etmək üçün Beynəlxalq Cüdo Federasiyanın (IYF) ən məsul əməkdaşları Bakıya gəliblər. Bu heyətə IYF prezidenti Marius Vizer başçılıq edir.
Yığma komandamızın məşqçilər korpusu "World Masters" turnirində ölkəmizi təmsil edən heyəti artıq müəyyən ediblər. Gənclər arasında Avropa və dünya birinciliyinin finalçısı İlqar Muşkiyev (60 kq), dünya kubokunun mükafatçısı Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), olimpiya çempionu Elnur Məmmədli (81 kq), dünya çempionatının bürünc mükafatçısı Elxan Məmmədov (90 kq), qitə birinciliyinin qalibi Elmar Qasımov (100 kq) kişilər, dünya çempionatının üçüncüsü Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova isə (63 kq) qadınlar arasında mübarizə aparacaqlar.
Bakıda təşkil olunan turnir bir sıra özəlliklərinə görə əvvəlkilərdən fərqlənir. Belə ki, ilk dəfə Bakı yarışlarında sınaqdan keçirilən yeniliklər daha sonra "Böyük dəbilqə", Qran-Pri və nəhayət, Olimpiadalarda tətbiq olunacaq. Əvvəla, IYF bu yarışlardan başlayaraq yarış tatamilərinin rəngində dəyişiklik etmək niyyətindədir. Ənənəvi yarıgöy haşiyəli rənglərin əvəzinə xallı qırmızı güləş döşəyindən istifadə ediləcək. Yeri gəlmişkən, IYF rəhbərliyi digər eksperimentlərə əl atacaq. Məsələn, hazırkı qaydalara əsasən, olimpiadaya vəsiqə qazanmaq istəyən idmançının təkcə dünya və Avropa çempionatlarında müvəffəqiyyətlə çıxış etməsi kifayət deyil. İndi hər şeyi idmançıların dünya reytinqi həll edir. Yeni qaydalara əsasən, olimpiadaya vəsiqə qazanmaq istəyən atlet bütün ilboyu keçirilən reytinq yarışlarında yaxşı nəticə gəstərməlidir. Digər yenilik isə bundan ibarətdir ki, yarışları İnternet vasitəsilə on-layn rejimində izləmək mümkün olacaq.
Yeri gəlmişkən, IYF öz yarışlarını ümumdünya şəbəkə vasitəsilə yayımlayan ilk federasiyalardan biridir. Amma Beynəlxalq Cüdo Federasiyası bu dəfə bir qədər də irəli gedir. İndi cüdo həvəskarları İnternet vasitəsilə nəinki yarışları izləyəcək, eyni zamanda məşq zallarında nə baş verdiyindən xəbər tutacaqlar.
Bakı turniri cüdo aləminin ən tanınmış simalarını bir yerə toplayacaq. Qaydalara görə, yarışlara dünya reytinqində ilk 16 yeri tutan idmançılar buraxılır. Odur ki, cüdo həvəskarları Bakı tatamisində ikiqat dünya çempionu Ki Çun Vanqın (73 kq), olimpiya çempionu İlias İliadisin (90 kq), dünya reytinqinin lideri Takaşi Ononun (90 kq) və Takamasa Anaininin (100 kq) mübarizəsini izləmək imkanı qazanacaqlar.
|