Türkiyə yığma komandasının hollandiyalı baş məşqçisi Qus Hiddinq "azerisrort.com" saytına müsahibə verib. O, müsahibəsində bir neçə ay əvvəl 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Türkiyə matçı barəsində danışıb. Maraqlı ola biləcəyini nəzərə alıb müsahibəni oxucuların diqqətinə çatdırırıq.
- Azərbaycan yığmasına məğlub olmasından sonra başçılıq etdiyiniz Türkiyə yığması özünün çətin günlərini yaşayır.
- Azərbaycanla oyun haqqında düşüncələrdən qaçıram. Mənim vəzifəm komandamı 2012-ci il Avropa çempionatının final mərhələsinə çıxarmaqdır. Amma iki dəfə məğlub olmaqla işimizi çətinə salmışıq. Bundan sonra yalnız qələbə qazanmaq vacibdir. Buna görə də hesab edirəm ki, komandanın heyətinə əl gəzdirmək lazımdır.
- Bakı görüşünü saf-çürük etmişsinizmi?
- Bəli, bütün oyunlar kimi həmin oyunu da analiz etmişik. Həmin oyunda uduzmamalıydıq. Təəssüf ki, sensasiyadan qaça bilmədik.
- İki ildən sonra Azərbaycan yığmasında hansı dəyişiklikləri hiss etdiniz?
- Sizin komandaya qarşı keçirdiyim iki oyunda yığmanızda ciddi fərq görmədim. Heyət də həminki idi, futbolçularınız əvvəlkitək əzmlə mübarizə apardı.
- İkinci dəfə Bakıdan pis əhval-ruhiyyədə dönməli oldunuz...
- Birinci dəfə Rusiya yığması ilə Bakıya gələndə qarşımızda ciddi vəzifə qoyulmamışdı. Həmin oyun bizim üçün formal xarakter daşıyırdı.
- Bəs nəticə?
- Nəticə sizə lazım idi.
- Amma Bakıda xal itirməyinizlə sizin Rusiyada işinizin başa çatmasının əsası qoyuldu.
- Sonun əvvəli Almaniya yığmasına qarşı oyundakı məğlubiyyətdən sonra qoyulmuşdu.
- Qorxmursuz ki, Rusiyadakı aqibətiniz bir daha təkrarlana?
- Vəziyyəti düzəltmək üçün vaxtımız və məlumatımız kifayət qədərdir.
- Deməli, Azərbaycan yığmasına qarşı cavab oyununa bu dəfə daha ciddi yanaşacaqsız?
- İlk matçda olduğu kimi.
- Sizdə əvəzçıxma hissi yoxdur?
- Ola bilər ki, futbolçularım bu barədə düşünsünlər, amma mən yox. Məni daha çox baxımlı oyun və qazanacağımız 3 xal düşündürür.
- Yəqin ki, futbolçularınıza başa salacaqsınız ki, Bakıdakı səhvi bir də təkrar eləməsinlər.
- Azərbaycan bizə bir də o cür qol vura bilməz.
|