Elmin inkişafının vacibliyi çox vurğulanır. Hər il parlamentdə növbəti ilin dövlət büdcəsi müzakirə olunarkən elmə ayrılan xərcləri artırmaq təklifi səslənsə də, bir qayda olaraq qəbul edilmir. Bəhanə də var: elmin maliyyələşdirilmə mexanizmini təkmilləşdirməyə ehtiyac var. Yəni hazırda MEA strukturu elə bir formadadır ki, büdcədən ayırmaları artırmaqla elmə təkan vermək çox çətin görünür. Amma nəsə edilməlidir və durum bu şəkildə qala bilməz.
Prezident yanında Elmin İnkişafı Fondu öz məhdud imkanları çərçivəsində addımlar atır. Məsələn, keçən il iyulun 1-də fond elmi-tədqiqat layihələri, proqramları və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə elan etdiyi qrant müsabiqəsində alimlər, mütəxəssislər, elmi-yaradıcı kollektivlər iştirak ediblər. Layihələrin maliyyələşdirilməsi üçün umumilikdə 6 milyon 100 min manat vəsait ayrılıb. Müsabiqə üçün ayrılan vəsaitin 2 milyon 200 mini fundamental və tətbiqi layihələr, 3 milyonu pilot, 400 min manatı xüsusi, 100 min manatı axtarış-innovasiya xarakterli elmi-tədqiqat layihələrinə nəzərdə tutulub. Qeyri-maddi mədəni irsin tətbiqi layihələri üçün 400 min manat vəsaitin ayrılması barədə elan verilib. Müsabiqənin nəticələri açıqlanarkən məlum olub ki, təqdim olunan layihələrin maliyyələşdirilməsi üçün ümumilikdə 4 milyon 665 min manat ayırmaq qərara alınıb.
Elmin İnkişafı Fondundan verilən məlumata görə, ən böyük maliyyənin ayrıldığı layihə AMEA Fizika İnstitutu tərəfindən təqdim olunan "Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu" layihəsidir. Fond bu layihəyə ümumilikdə 3 milyon manat ayırıb. Fizika İnstitutunun digər 4 layihəsi də fond tərəfindən maliyyələşdirilir.
Fizika-riyaziyyat və texniki elmlər istiqaməti üzrə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun da 6 layihəsi fond tərəfindən maliyyələşdirilməkdədir. Bu layihələrdən 4-ü 12 ay müddətində, 2-si isə 24 ay müddətində maliyyələşdiriləcək. Onların hamısı üçün ümumilikdə 159 min manat vəsait nəzərdə tutulub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə "Abşeron yarımadası və Xəzər dənizi ərazilərinin seysmik təhlükə səviyyələrinin qiymətləndirilməsi" layihəsi məqsədilə 24 ay üçün 50 min manat vəsait ayrılıb. Bu vəsait yer elmləri istiqaməti üzrə ayrılıb. Bu istiqamət üzrə digər layihə AMEA Geologiya İnstitutunun "Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik rayonlaşdırılması" layihəsidir.
Biologiya, tibb və aqrar elmlər istiqaməti üzrə 666 min manat vəsait ayrılıb. Məsələn, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu "Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpa layihəsini icra edəcək. Genetik Ehtiyatlar İnstitutu "Milli GenBankda saxlanılan buğda və arpa kolleksiyasında biomüxtəlifliyin genetik markerlərlə tədqiqi" layihəsini icra edəcək.
Sözsüz, Elmin İnkişafı Fondu bu layihələr çərçivəsində elmi nailiyyətlər əldə etməyi hədəfləyir. Əgər nəticələr uğurlu olarsa, büdcədən bu istiqamətə ayrılan vəsaitlərin həcmi artırıla bilər. Fond yaxın müddətdə gənc alimlər üçün də xüsusi qrant müsabiqəsi keçirməyi nəzərdə tutur.
|