Yuxarı siniflər üçün də məktəbli forması müəyyənləşdi
 |
Geyimlərin tikilişinə martdan başlanır
Şənbə, 15.01.2011
A.Əhməd |
mətn ölçüsü |
|
|
|
Həftəiçi Bakı şəhər Baş Təhsil İdarəsi 2011/2012-ci il tədris ili üçün bütün sinif şagirdlərinə aid vahid məktəbli formasını ictimaiyyətə təqdim etdi. Beləliklə, yuxarı siniflər üçün vahid məktəbli formasının seçim prosesi nəhayət başa çatıb. Növbəti tədris ilində Bakının 324 ümumtəhsil məktəbində təhsil alan 340 minə yaxın şagird vahid formada dərsə gələcək. Vahid məktəbli geyimləri 2 formada olacaq.
Bakı şəhər Baş Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızı "Ayna"ya bu haqda daha geniş açıqlama verdi:
- Növbəti tədris ilindən Bakının orta ümumtəhsil məktəblərində bütün sinifləri əhatə etməklə 2 formada vahid məktəbli forması tətbiq olunacaq. Bu məsələ ətrafında bütün detallar müzakirə olunduqdan sonra belə bir qərar qəbul edilib. I-VI sinif şagirdləri ilə VII-XI sinif şagirdlərinin geyimləri fərqlənəcək. I-VI sinif şagirdləri dama-dama parçadan olan geyimlə təmin olunacaqsa, yuxarı siniflərə doğru dəb bir qədər dəyişəcək. Onların köynəyi ağ rəngdə olmaqla, digər geyimləri göy rəngin müxtəlif çalarlarında olacaq.
Yeni modellərin tikilişinə martdan başlanır. Qızların geyimində beş assortiment, oğlanlarən geyimində dörd assortiment olsa da, yuxarı sinif şagirdləri üçün 48 ölçüdən başlayan formaların qiyməti 53-55 manat olacaq. İbtidai siniflərin geyimləri üçün isə qiymətlər 40-45 manatdan yuxarı olmayacaq. V-VI sinif şagirdlərinin geyimləri 45 manata satılacaq.
Bakıda formaların satışı 10-12 məntəqədə həyata keçiriləcək. Bir ailədə bir neçə məktəbli olarsa, bu halda geyimlərin qiymətində güzəşt ediləcəyi gözlənilir.
Xatırladım ki, bu tədris ilində Bakı məktəblərində I-IV siniflərdə oxuyan şagirdlərin 90 faizi üçün vahid məktəbli forması tətbiq olunub. Bu siniflər üçün forma builki tədris ilinin sentyabr ayında müəyyən olunub. Hazırda Bakının bütün məktəblərində ibtidai sinif şagirdlərinin 90 faizindən çoxu tədris prosesinə vahid forma ilə gəlir.
- Seçimdə hansı qurum iştirak edib?
- Vahid məktəbli formasının seçim prosesində Milli Valideyn-Müəllim Assosiasiyası iştirak edib. Vahid formanın seçimində validenylər də fəallıq göstəriblər və onların fikirləri nəzərə alınıb. Məktəbdə rəngarəngliyin çox olmaması üçün I-IV siniflərin geyimlərinin eyni olmasına üstünlük verilib. Bu, valideynlərin qərarıdır. Seçimdə onların, həmçinin şagirdlərin də rəy və təklifləri nəzərə alınıb. Bu, iqtisadi cəhətdən də valideynlərə sərf edən bir variantdır. Onu da deyim ki, Bakı Tikiş Evi ildən-ilə öz modellərini təkmilləşdirir, geyimlərin istehsalında valideyn və şagirdlərin təkliflərinə üstünlük verilir.
- Ötən mövsümdə geyimlərin keyfiyyətsiz olması ilə bağlı fikirlər səsləndirildi. Eyni problem bu il də ortaya çıxmayacaq ki?
- Bakı Tikiş Evinin hazırlayacağı formaların parçaları isə keyfiyyət sertifikatına malikdir. Valideyn əmin olmalıdır ki, geyim sağlamlığa heç bir zərər toxundurmur. Ona görə də formaların istehsalında parçaların tərkibinə də ilk növbədə üstünlük verilib.
Onu da deyim ki, Milli Valideyn-Müəllim Assosiasiyası da məktəbli formalarının tikilməsində yalnız bir müəssisənin iştirakına münasibət bildirib. Hətta bu prosesə digər tikiş müəssisələrini cəlb etmək üçün dəfələrlə müraciət etmişik. Əfsuslar olsun ki, keyfiyyət sertifikatına malik heç bir müəssisə formalarla bağlı bizə təklif verməyib. Müraciət edən yeganə müəssisə Bakı Tikiş Evi olub.
Bundan başqa, ötən il satış nöqtəsinin yalnız bir yerdə olması ilə bağlı valideynlərin narazılığı var idi. Amma artıq Bakıda on nöqtədə belə satış yeri fəaliyyət göstərəcək.
Bir daha vurğulamaq istəyirəm ki, geyimlərin keyfiyyət və qiymətlərinə görə Bakı Tikiş Evi cavabdehlik daşıyır. Əgər məktəbli formaları ilə bağlı hər hansı bir nöqsan və problemlər üzə çıxarsa, Bakı Tikiş Evinin 495-11-49 nömrəsinə zəng etməklə "Qaynar xətt"ə müraciət etmək lazımdır. Bakı şəhər Təhsil İdarəsi isə prosesə nəzarət edən və onu nizamlayan qurumdur. Düşünürük ki, yeni tədris ilində məktəbli formaları ilə bağlı heç bir narahatlıq yaşanmaz.
|
|
|
|
|
|
|