Bəzi telekanallar üzərində bağlanma təhlükəsi
 |
Bu il kanalların çoxunun lisenziya müddəti bitir. Kimlərinsə lisenziyaları uzadılmaya bilər
Şənbə, 08.01.2011
|
|
Bəzi telekanallar üzərində bağlanma təhlükəsi asılıb. Onlardan hansılarsa bu il efirdən çəkilə, yeniləri efirə daxil ola bilər. Hər halda, bu il telekanalların lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq. Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində bildirib ki, MTRŞ telekanallara lisenziyaların verilməsinə 2005-ci ildən başlayıb. 2011-ci ildə kanalların çoxunun lisenziya müddəti bitib:
"Bu il onların lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq. Bu kanalların sayı təxminən 15-ə yaxındır. Onların arasında regional kanallar, kabel televiziyaları və respublika yayımçıları var".
N.Məhərrəmli bildirib ki, 2011-ci ildə telekanalların sayının artacağı da gözlənilir: "Çalışacağıq ki, Azərbaycanın efir məkanında yeniliklər olsun. Ən azı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun verilişlərinin sayı artsın. Bu sahədə "Mədəniyyət" kanalına ümidlərimiz çoxdur. Fevral-mart aylarında "Mədəniyyət" kanalının açılışı olacaq. Özəl kanallarda daha çox maarifçilik verilişlərinin olmasını istəyirik. Özəl kanallarda reytinq dalınca qaçmaq üçün ucuz əyləncə xarakterli verilişlərə üstünlük verirlər. Bəzən müasirlik adı altında Avropa üçün xarakterik olan layihələri Azərbaycanda aşağı səviyyədə təqdim edirlər. Azərbaycan kimi kiçik, İslam adət-ənənələrinin hökm sürdüyü ölkədə uyğun olmayan verilişlər yayımlayırlar. Bəzən müasirlik adı altında əhalinin xarakterinə uyğun olmayan mövzuları ictimai mövzu kimi təqdim edirlər.
Bu baxımdan televiziya kanallarının üzərinə məsuliyyət düşür. Bundan başqa, Azərbaycan xalqı və dövlətçiliyi ilə bağlı verilişlərinin sayının artmasını, Azərbaycan dilində səlis danışa bilən aparıcıların olmasını istəyirik. Bu məsələlərə diqqət ayrılacaq".
Lisenziya müddəti başa çatmış kanallara gəldikdə isə Şura sədri bildirib ki, bəzi kanalların lisenziya müddətinin uzadılmaması gözləniləndir:
"Lisenziya 6 ildən bir verilir ki, həmin kanalın fəaliyyətinə baxılsın. Əgər həmin kanalların fəaliyyətində qanun pozuntusu olmayıbsa, təbii ki, bu müddət uzadılacaq. Əgər qanun pozuntusu olubsa, prosedur qaydalar pozulubsa, müddət uzadılmayacaq. Qanuna görə, lisenziya müddəti bitmiş kanal 6 ay öncədən müddətin uzadılması ilə bağlı müraciət etməlidir. Bunu etməsələr, bu, qanun pozuntusu hesab olunur. Yəni bu o deməkdir ki, onlar lisenziyanın müddətinin uzadılmasını istəmirlər. Televiziya kanallarının, radiostansiya rəhbərlərinin çoxunun bu məsələdən xəbəri yoxdur".
Şura sədri bildirib ki, telekanallarda milli-mənəvi dəyərlərlə bağlı aparılan monitorinqlər ürəkaçan olmayıb:
"Monitorinqlər davamlı şəkildə aparılır. Bu monitorinqlərin nəticələri bizi narahat etdiyinə görə MTRŞ Azərbaycan prezidentinə müraciət edib ki, bu məsələdə bizə yardım etsin. MTRŞ-yə bəzi səlahiyyətlərin verilməsi ilə bağlı məsələyə baxılmasını, eləcə də digər məsələlərin həll olunmasını xahiş etmişik. Müraciəti dekabrın sonunda ötən ilin nəticələrinə uyğun hazırlamışdıq, yanvarın əvvəlində isə göndərmişik".
MTRŞ sədri bildirib ki, bəzi verilişlər ictimaiyyətin haqlı narazılığına səbəb olur. Bu verilişlərin qısa müddətə dayandırılması təcrübəsi xarici ölkələrdə geniş yayılıb: "Ən azı qonşu Türkiyədə belədir. Bu səlahiyyətin bizə verilməsini, qanunvericiliyin dəyişilməsini istəyirik. Çünki belə olarsa, digər kanallar da bundan nəticə çıxarar".
N.Məhərrəmli qeyd edib ki, ölkə başçısına müraciətdə Azərbaycanın teleradio məkanındakı mövcud vəziyyət, narahatlıq doğuran məqamlar diqqətə çatdırılıb.
Son vaxtlar ATV-də bağlanmış müəyyən verilişlərə gəldikdə isə N.Məhərrəmli bildirib ki, MTRŞ telekanalın yaradıcılıq işlərinə qarışmır:
"Amma Şura teleradio sahəsində nizamlayıcı orqan kimi özəl kanallardakı verilişlərin keyfiyyətindən çox narazıdır. Ona görə də biz kanallara dəfələrlə tövsiyələr vermişik ki, milli-mənəvi dəyərlərə uyğun verilişlər yayımlasınlar. Azərbaycan xalqına yad olan elementlərdən uzaq olsunlar. Belə hallar əhali tərəfindən çox narazılıqla qarşılanır".
|
|
|
Oxşar xəbərlər:
MTRŞ-dan telekanallara son xəbərdarlıq
Orta və kiçik sahibkarlarımız çətində
Lisenziya müddəti bitən şirkətlərin fəaliyyəti qanunsuzdur
Azəri qızı Günel teleaparıcı oldu
Serial təkcə Bakı teleməkanında çəkilmir
|
|
|