Yeni ilin gəlişi ilə ölkədə bahalaşma artıq bir ənənəyə çevrilib. Yanacağın, tikinti materiallarının, ərzağın bahalaşmasının ardınca bu dəfə sürprizlə üzləşənlər siqaret çəkənlər oldu. Tütün məhsullarının qiyməti yanvarın 1-dən bahalaşıb. Ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiyməti 10-20 qəpik qalxıb.
Azad İstehlakçılar Birliyinin araşdırmasına əsasən, hər növ tütün məmulatında artım 30%-ə qədər təşkil edir. Ölkə vətəndaşlarının siqaretə olan illik tələbatı 10 milyard ədəddir.
İİN mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, bayram ərəfəsi və bayram günləri tütün məmulatları ilə bağlı monitorinqlər aparılmayıb. Onun sözlərinə görə, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər əhalinin təlabatının artdığı sahələr üzrə aparılıb:
"Tütün məhsulları ilə əlaqədar isə son günlərdə hər hansı araşdırma olmayıb. Bu məhsulların qiymətlərini dövlət tənzimləmir. İqtisadi qanunvericiliyə uyğun olaraq dövlətin tənzimləmədiyi qiymətlər bazar prinsipləri, tələb-təklif əsasında müəyyənləşir. Qiymətlərin süni şəkildə dəyişdirilmə halı aşkar ediləndə isə dövlət araşdırması əsasında, qanuna uyğun tədbirlər görülür".
MM iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bu artım maliyyə böhranı ilə, iqtisadi böhranla əlaqəli deyil, süni artımdır:
"Ola bilər, hansısa inhisarçılıqla, iqtisadi fəaliyyətdə yaranan problemlə bağlı olsun. Bu bir yandan insanların siqaret aludəçiliyindən azad olmasına kömək də edə bilər, amma o biri yandan kiminsə süni yolla külli miqdarda vəsait əldə etməsi kimi qiymətləndirilə bilər".
Deyəsən, budəfəki bahalaşmada süni amillər deyil, dünya bazarında tütünün qiymətinin qalxması səbəbdir. Mütəxəssislər deyir ki, ötən il əlverişsiz hava şəraiti tütün istehsalına da təsir göstərib. Qiymətlər istehsalda azalmaya, dünya bazarında enerji daşıyıcılarının bahalaşmasına görə artıb. Yerli tütün istehsalı 2,6 min tondur və bununla daxili tələbatı heç 30 faiz ödəmək mümkün deyil. Ona görə də bu sahə idxaldan asılı vəziyyətdədir. Dünya bazarında isə tütün bahalaşıb. Bahalaşmanın səbəblərindən biri budur.
|