Bank sistemi böhrandan az itki ilə çıxdı
 |
Səbəb - dünya bank sisteminə tam bağlı deyilik
Şənbə, 08.01.2011
|
|
Bank sisteminin dayanıqlığının və iqtisadiyyatda rolunun artırılması, əhalinin etimadını qazanması üçün bu il bir sıra addımlar atılmalıdır. "İqtisadi forum" jurnalının rəhbəri Samir Əliyevin fikrincə, bu məqsədlə bankların konsolidasiya prosesi davam etdirilməli, onların sayı yaxın vaxtda ən azı 30 faiz azaldılmalıdır. Banklar ya birləşməli, ya da bank olmayan kredit təşkilatına çevrilməlidir. Uçot dərəcəsi ilə kredit faizləri arasında asılılığı təmin etmək üçün Mərkəzi Bank mərkəzləşdirilmiş kreditlərin həcmini artırmalıdır. MB depozit faizlərinin aşağı salınması yönündə inzibati tədbirləri davam etdirilməlidir. Samir Əliyev:
"Bundan başqa, banklarda kapitallaşmaya dair qaydalar sərtləşdirilməli, kredit risklərinin idarə edilmə metodları təkmilləşməlidir. Kredit faizlərini endirmək məqsədilə xarici banklardan kredit vəsaitlərinin cəlbinə üstünlük verilməlidir. Əlavə mənbələr hesabına ipoteka kreditləri üzrə ayrılan vəsaitlərin həcmi dəfələrlə artırılmalı və daşınmaz əmlak bazarı canlandırılmalıdır. Manatın möhkəmlənməsinin qarşısı alınmalıdır".
Ekspert bu qənaətdədir ki, 2010-cu ildə ölkə iqtisadiyyatının digər sahələri ilə müqayisədə bank sistemi böhrandan minimum itki ilə çıxıb. Onun fikrincə, bu, daha çox bankların həddindən çox ehtiyatlılıq nümayiş etdirməsi ilə bağlıdır. Böhran ilk növbədə, bir sıra ölkələrin bank sektorunu sıradan çıxardı. ABŞ-da, AB ölkələrində banklar böhranın dağıdıcı zərbəsi ilə üzləşdilər. Onların bir qismi bağlandı, digərləri dövlətdən borc almaq məcburiyyətində qaldı.
S.Əliyev söyləyir ki, banklarımızın böhrandan üzüağ çıxması yaxşı haldır. Bu, gözlənilən idi. Çünki dünya bank sisteminə tam inteqrasiya olunmayan milli bankların problemləri xaricdən çox, daxili faktorlarla bağlıdır.
Bankların ötənilki fəaliyyətinə qiymət verən ekspertin fikrincə, yola salınan il bank sektorunda bir sıra məqamlarla yadda qaldı.
Məsələn, MB ilin əvvəlində pul-kredit siyasəti haqqında bəyanatına uyğun olaraq inflyasiya səviyyəsinin artmasını imkan daxilində zəiflətdi, manatın məzənnə sabitliyini təmin etdi. Maliyyə bazarında sabitlik hökm sürdü. Dollar-avro qarşıdurması fonunda manatın sabitliyi qorundu. Xarici valyutaların məzənnələrində müşahidə edilən qeyri-sabit rəqslər manatı relsdən çıxara bilmədi. Ekspert deyir:
"İlin əvvəlində dolların möhkəmlənməsi, avronun isə ucuzlaşması fonunda milli valyutanın məzənnəsində ciddi dəyişiklik baş vermədi. İlin birinci yarısında avro manata nisbətən 15%-ə qədər ucuzlaşsa da, MB dolların 80 qəpik həddini keçməsinin qarşısını aldı. İqtisadiyyatın dollardan yüksək asılılığını nəzərə alaraq MB valyuta ehtiyatlarının itkisi hesabına dolların 79,97-80,37 qəpik intervalını aşmasına imkan vermədi. Bunun nəticəsində 2009-cu ildə manata münasibətdə insanların psixologiyasında yaranmış ehtiyatlılıq aradan qalxdı. İstər əhalinin ayrı-ayrı təbəqələri, istərsə də banklar milli valyutaya üstünlük verməyə başladı. Bu səbəbdən il ərzində əmanətlərdə manatın çəkisi 40%-dən 45%-ə, kredit qoyuluşunda isə 58%-dən 63%-ə qədər artdı. İlin ikinci yarısında dünya bazarlarında dolların kəskin ucuzlaşması da Azərbaycanda ciddi hiss olunmadı. İnflyasiya səviyyəsinin 6%-ə çatdığını nəzərə alan MB inflyasiya idxalını minimuma endirmək üçün dolların kəskin ucuzlaşmasına imkan vermədi".
S.Əliyev kredit faizlərinin cüzi də olsa, enməsini müsbət hadisə kimi qeyd etdi. Xatırladaq ki, bu, Mərkəzi Bankın müdaxiləsi ilə baş verdi. Əmanətlərin Sığortalanması Fondu əhalidən qəbul edilən əmanətlər üzrə sığorta faiz dərəcəsini 15-dən 12 faizə saldı. Bu isə əvvəl depozit, sonra kredit faizlərinin bir neçə faiz düşməsini şərtləndirdi.
Fəqət bank sektoru ötən il iqtisadi aktivliyin artmasını təmin edə bilmədi. Əvvəlki illərlə müqayisədə 2010-cu ildə kredit qoyuluşunda azalma müşahidə edildi. Əgər böhrandan əvvəl - 2008-ci ildə ölkə üzrə kredit qoyuluşu 3 milyard manata yaxın idisə, 2009-cu ildə bu göstərici azalaraq 1,3 milyard manata düşüb. İlkin təhlil göstərir ki, 2010-cu ildə kredit qoyuluşunun həcmi 1 milyard manatdan da az olacaq. Kredit qoyuluşunun azalması öz növbəsində iqtisadi aktivliyə mənfi təsir göstərir. Kredit qoyuluşunun azalması bir tərəfdən bankların resurs məhdudluğu ilə bağlıdırsa, digər tərəfdən problemli kreditlərin artması ilə əlaqədardır.
Kredit qoyuluşunun azalmasının digər əsas səbəbi kimi problemli kreditlər göstərilir. Ekspertin sözlərinə görə, son aylar problemli kreditlərin həcminin artması kredit qoyuluşunun azalmasına gətirib çıxarıb. Artıq rəsmi məlumatlarda vaxtı keçmiş kreditlərin payının 5%-ə çatdığı bildirilir. Bu, 2004-cü ildən bəri ən yüksək göstəricidir. Reallıqda isə problemli kreditlərin payı daha çoxdur. Təkcə Beynəlxalq Bankın vaxtı keçmiş kreditlərinin həcmi cəmi kreditlərin 6%-ni təşkil edir. S.Əliyev deyir ki, Mərkəzi Bankın statistik məlumatları reallığı tam əks etdirmir:
"Üstəgəl problemli kreditlərin uçotu beynəlxalq standartlara uyğun aparılarsa, bu hədd ən azı 20%-ə qədər yüksələr. Son bir ildə problemli kreditlərin həcmi 2 dəfəyədək artıb".
Ekspertə görə, banklar özlərini sığortalamaq üçün kredit şərtlərini ağırlaşdırır və eyni zamanda kredit faizlərini yüksək həddə saxlamağa üstünlük verirlər.
Kapitallaşma problemi qalır
Bundan başqa, banklar kapitallaşma probleminin tam həllini tapa bilmədi. Bir sıra banklar Mərkəzi Bankın bankların məcmu kapitalına qarşı tətbiq etdiyi minimal həddə riayət etmir. 6 bankın məcmu kapitalı bu həddən, yəni 10 milyon manatdan aşağıdır. Bunlardan 4 bankın nizamnamə kapitalı 5 milyondan 10 milyon manatadək, 2 bankın nizamnamə kapitalı isə 3,5 milyondan 5 milyon manatadək təşkil edir. Artıq onlardan ikisinin - Debüt bankın və Kövsər bankın lisenziyaları geri alındı. Ancaq 4 bankın problemi hələlik qalır.
Ekspertə görə, banklar ölkə iqtisadiyyatında hələ də arzu olunan səviyyədə rol oynaya bilmir:
"Bank aktivlərinin ÜDM-də payı təxminən 30-35% təşkil edir. Halbuki bu göstərici inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Məsələn, Şərqi Avropa ölkələrində bank aktivlərinin ÜDM-də payı bizdən 2 dəfə çoxdur və 65-80% civarındadır. Qərbi Avropada bu daha yüksəkdir. Fransada 280%, Almaniyada 300%, Britaniyada isə 400% təşkil edir. Aktivlərinin həcmi orta hesabla 250 milyon manat olan bankın ölkə iqtisadiyyatında hansı rol oynayacağını söyləmək bir o qədər də çətin deyil. Nəzərə alsaq ki, bunun yarısı təkcə Beynəlxalq Bankın payına düşür, bu halda vəziyyətin ürəkaçan olmadığını görmək olar".
S.Əliyev onu da qeyd etdi ki, 2010-cu ildə bank kreditləri alan müştərilərin kəskin cəmləşmə prosesi davam edib. Hətta beynəlxalq təşkilatlar da bu fikri təsdiq edib:
"İpoteka kreditləşməsində də ciddi irəliləyiş baş vermədi. İpoteka kreditləri üzrə ayrılan vəsaitlərin azlığı və onların verilmə şərtlərinin ağırlığı səbəbindən daşınmaz əmlak bazarını canlandıra bilmədi. Dövlət büdcəsindən ayrılan 14 milyon manatlıq vəsait və İpoteka Fondunun aşağı faizli istiqrazları ipoteka kreditləşməsini arzu olunan səviyyəyə qaldıra bilmədi".
|
|
|
Oxşar xəbərlər:
Bankların zərəri artıb
Banklar üçün çıxış yolları
MB kreditləşməni aktivləşdirməyə çalışır
Banklar əlavə xərclərə qənaət edirlər
Ölkənin "problemli kreditlər" problemi
|
|
|