"Bakı" klubunun almaniyalı baş məşqçisi Vinfrid Şaferin vəzifəsindən uzaqlaşdırılaraq, latviyalı Aleksandr Starkovla əvəzlənmə xəbəri ötən həftə futbol aləmində ən çox müzakirə edilən xəbərlərdən oldu. Ölkənin istər idman infrastrukturu, istərsə də maddi təminat baxımından ən sanballı klubunun çempionatda uğursuz çıxış etməsi baş məşqçi dəyişikliyini qaçılmaz etsə də, bunun belə tezliklə baş verəcəyini heç kəs gözləmirdi.
Bu həftə Latviya mətbuatı bu ölkənin milli komandasının baş məşqçisi Aleksandr Starkovun Azərbaycanın "Bakı" klubu ilə ilkin razılıq əldə etdiyi barədə məlumat yaydı. Məlumatdan belə aydın oldu ki, Starkov "Bakı" ilə danışıqlar aparmaq üçün hələ dekabrda ölkəmizdə olub. Elə ilkin razılaşma da o vaxt əldə olunub. Onun hazırda çalışdığı "Skonto"dan ayrılması isə bu komandadakı maliyyə problemləri ilə bağlıdır.
Xatırladaq ki, Starkov hələ bu ilin yayında "Bakı"nın baş məşqçisi təyin oluna bilərdi. Lakin həmin vaxt uzun sürən danışıqlardan sonra bakılılar onunla ortaq məxrəcə gələ bilmədilər. Bu səbəbdən də Şaferlə anlaşdılar.
Aleksandr Starkov 2007-ci ildən Latviya yığmasına, 2009-cu ildən isə "Skonto"ya rəhbərlik edir. O, əvvəllər də bu komandalarda çalışıb və nəzərəçarpacaq uğurlara imza atıb. 56 yaşlı mütəxəssisin rəhbərliyi altında Latviya millisi 2004-cü il Avropa çempionatının final mərhələsində çıxış edib. Daha sonra Starkov 2006-cı ilədək Moskva "Spartak"ında çalışıb. Ali Məşqçilər Məktəbini başa vurub, "Pro" kateqoriyalı məşqçilik lisenziyası var.
Hazırda ailəsi ilə birlikdə İsveçrədə dincələn almaniyalı mütəxəssis "Bakı"dan ayrılması ilə bağlı məlumata da artıq münasibətini bildirib. "Azerisrort.com" caytına açıqlama verən V. Şafer deyib: "Bakı" ilə bizi qarşıda çətin oyunlar gözləyir. Buna görə də dincəlmək qərarına gəlmişəm. Mənim klubla müqaviləm var, inanıram ki, klub çempionatın mükafatlarından birinə sahib çıxacaq. Ən pis halda ölkə kubokuna yiyələnəcək. Kiminsə məni əvəzləyəcəyi məni narahat etmir. Əgər hansısa mütəxəssis Bakıya iş dalınca gəlibsə, ona uğurlar diləyirəm".
Sabah paytaxtımıza gələcək Starkovun "Bakı" klubu ilə 2,5 illiyə müqavilə bağlayacağı gözlənir. Belə olan təqdirdə, o, eyni zamanda mövsümün sonuna qədər həm "Bakı"da, həm də Latviya millisində çalışacaq. Gələn həftə "Bakı" ilə müqavilə bağlayacağı gözlənilən Starkov Latviyadan özü ilə köməkçi də gətirəcək.
Vinfrid Şaferə gəlincə, müqavilə birtərəfli qaydada pozulduğuna görə, "Bakı" alman mütəxəssisə təzminat ödəyəcək. Vinfrid Şaferin "Bakı" klubunda baş məşqçi postundakı fəaliyyəti qısa oldu. Təcrübəli mütəxəssis təxminən 7 ay rəhbərlik etdiyi komandanı cəmi 22 oyun çıxarıb. Vur-tut 9 qələbəyə sevinən baş məşqçi 10-cu, yubiley qələbə həsrəti bitməmiş, klub rəhbərliyi onunla yollarını ayırıb.
|