Təranə Şərifova:
"Məktəbə universitetə hazırlıq mərhələsi kimi baxacağıqsa, problemlər qalacaq"
 |
Qərb məktəblərində keyfiyyətli vətəndaş, bizdə isə universitet tələbəsi yetişdirilir
Şənbə, 08.01.2011
|
|
Ölkə məktəblərində valideyn-müəllim assosiasiyalarının sayı 1200-ə çatdı. Baxmayaraq ki, ölkədə 4500 məktəb var, 1200 rəqəmi hələlik qənaətbəxş hesab edilir. Bunu belə izah edirlər ki, assosiasiyalar könüllülük prinsipi ilə yaradılır. Milli Valideyn-Müəllim Assosiasiyasının sədri Təranə Şərifovanın fikrincə, bu prinsiplə yaradılan assosiasiyanın fəaliyyətindən tərəflər xeyir görür. Çünki hamı bu işin yaxşı olması üçün ürəkdən çalışır. Onun sözlərinə görə, valideynin təlim-tədris prosesində iştirakı zəruridir. Çünki valideyn təhsilin sifarişçisidir: "Valideynlərin potensialı müəllimlərin təcrübəsi ilə birləşdikdə şagirdlərin ala biləcəyi fayda böyük olur". T.Şərifova "Ayna"ya müsahibəsində assosiasiyaların qaldırdığı problemlərdən və onların həlli yollarından söhbət açdı.
- Ötən ildən Təhsil Nazirliyi və Milli Valideyn-Müəllim Assosiasiyası əməkdaşlığının yeni mərhələsi başlayıb. Valideynlərlə təhsil naziri, nazirlik əməkdaşlarının görüşləri təşkil edilir. Xatırladım ki, ilk görüşümüzdə valideynlərin mərkəzləşdirilmiş imtahanlarda iştirak məsələsi qaldırıldı və həllini tapdı. Valideynlərdən ibarət heyət mərkəzləşdirilmiş imtahanlarda iştirak etdilər və obyektivliyi özləri qiymətləndirdilər. Növbəti görüş ötən il dekabrın sonuncu həftəsində baş tutdu. Bu dəfə valideynlər təlim-tərbiyə ilə bağlı problemlər qaldırdılar. Məsələn, valideynlər ibtidai siniflərdə tətbiq edilən kurrikulum haqqında maarifləndirmə işinin genişləndirilməsi, ibtidai siniflərin dərs yükünün azaldılması, dərsliklərin təkmilləşdirilməsi təkliflərini irəli sürdülər. Bundan başqa, valideyn məsuliyyəti, müəllim nüfuzu və valideynlərin məktəbin idarə edilməsində rolu müzakirə edildi.
Bu qənaətə gəldim ki, valideynlər fəallaşıblar.
İki-üç il öncə valideynlər belə təşəbbüskar deyildilər və təkliflərlə çıxış etmirdilər. Onu da deyim ki, bu rübün sonunda, yəni mart ayında məktəblərin birində valideynlər, müəllimlər və təhsil nazirinin növbəti görüşünü planlaşdırırıq. Biz istəyirik ki, bu assosiasiyaların üzvləri Təhsil Nazirliyinə dövlət strukturu kimi deyil, tərəfdaş münasibəti göstərsinlər.
- Bildiyimizə görə, assosiasiyanın üzvləri Polşada səfərdə olub. Təəssüratlarınız?
- Bölgə məktəblərindəki valideyn-müəllim assosiasiyalarının üzvləri və məktəb direktorları ilə iki həftəlik səfərdə olduq. Krakov şəhər məktəblərində və məktəbəqədər müəssisələrdə olduq, təhsil işçiləri ilə görüşdük. Bizimlə yanaşı oraya Gürcüstandan da bir heyət dəvətli idi. Müəyyən müqayisələr apara bildik.
- Məsələn?
- Gördüm ki, onlarda Azərbaycanda olduğu qədər yeni məktəblər, tədris müəssisələri tikilmir. Bizdə bu məsələ diqqət mərkəzindədir, hətta gündəmin əsasını təşkil edir desəm, yanılmaram. Gördüm ki, Polşada yeni məktəb binalarına, məktəblərin müasir avadanlıqla təchizatına ehtiyac var. Müşahidələrimə əsasən deyə bilərəm ki, Polşa məktəblərində kimya, biologiya kimi fənn kabinetlərinin vəziyyəti bizdəkindən çox-çox geridir.
- Bəs onda niyə təhsil və həyat şəraitinə görə bizdən öndədirlər? Niyə ən yaxşı təhsil ocaqları Qərbdədir? Niyə onlar biliklərini böyük pullara çevirə bilirlər. Biz isə bunu bacarmırıq?..
- Bilirsiniz, bizim problem odur ki, orta məktəbə ali təhsil ocağına daxil olmaq üçün bir pillə kimi baxırıq. Polşada uşaqlar məktəblərdə sosial vərdişlərə daha çox yiyələnir. Bu vərdişlər də onların həyatında iz buraxır. Bizdə isə 9-cu sinifdən şagird repetitorlarla məşğul olmalıdır ki, universitetə daxil ola bilsin. Bəzən valideyn mövqeyini pərdələmək üçün məktəbdə dərs keçilmədiyini əsas gətirir. Mən qətiyyətlə deyirəm, "müəllim dərs keçmir" ifadəsi əsassızdır! Sadəcə, valideynlərin məktəbdən gözləntiləri başqadır. Məktəbə universitetə hazırlıq mərhələsi kimi baxmaqda davam edəcəyiksə, problemlər qalacaq.
Avropanın orta məktəbləri cəmiyyət üçün vətəndaş yetişdirir. Şagirdə həyati bacarıqlar aşılayır. Polşa və ümumiyyətlə Avropa məktəblərinin üstünlüyü ondadır ki, onlar keyfiyyətli vətəndaş yetişdirir. Tədris proqramının əsas məqsədi buna xidmət edir.
Polşada çox primitiv məktəblər gördüm. Amma uşaqlarda sərbəstlik böyükdür, demokratiya var. Polşalılar firəvan deyil, əmin-amanlıq şəraitində yaşayırlar. Bizim uşaqlar çox emosionaldır, ambisiyalıdır. Onlar isə tamam başqa dünyanın uşaqlarıdır.
Məsələn, onlar dünya olimpiadalarında yalnız Polşanın paytaxt məktəblərindən şagirdlərin iştirak etdiyini düşünürlər. Çünki indiyə qədər Krakovdan heç bir şagird dünya, beynəlxalq səviyyədə keçirilən olimpiada, müsabiqələrdə iştirak etməyib..
|
|
|
Oxşar xəbərlər:
Gənc liderlər Qazağa toplaşıb
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
300-dək azərbaycanlı müəllim işdən azad edilib
Vahid məktəbli forması yenidən müəyyənləşib
Diasporumuz "hücuma keçir"?
|
|
|