Proqnozlara inansaq, tezliklə paytaxtda qış əsl üzünü göstərəcək. Qış buludları yavaş-yavaş bizə də yaxınlaşır. Paytaxt sakinləri arasında qışı sevənlərin az olması bəlkə də həmin ərəfədə Bakının acınacaqlı mənzərəyə bürünməsi ilə bağlıdır. Yağıntılı günlərdə həm piyadalar, həm də sükan arxasında olanlar böyük çətinliklərlə üzləşir. Çünki bəzi yollarda yerimək əvəzinə, üzmək lazım gəlir. Bu da şəhərin kanalizasiya xətlərinin yararsızlığı ilə bağlıdır.
Nəqliyyat Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin avtomobil yolları şəbəkəsinin yalnız 10-15 faizi kanalizasiya xətləri ilə təmin olunub. Bu amil də xüsusən yağışlı havalarda yollarda problemlər yaradır. Çünki kanalizasiya kollektorları nəinki yeraltı, heç yerüstü suları ötürmək qabiliyyətinə malik deyillər. Üstəlik bu sulara magistralların ətrafında yerləşən məhəllələrdən axıdılan məişət suları da qarışır. Yollarda bu problemlərin həlli üçün ilk növbədə kanalizasiya sistemi qurulmalıdır. Bundan başqa, yollarda bir neçə metrdən bir yağış barmaqlıqları olmalıdır. Yeni yollarda bunlar var. O biri yollarda isə ya bu barmaqlıq yoxdur, ya da varsa, tıxanıb.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, yeni salınan yollarda qoyulan yağış barmaqlıqları yalnız magistral üçün nəzərdə tutulsa da, bəzi hallarda yolkənarı məhəllələrdən təzyiqlə daxil olan yağış suları onların ötürmə qabiliyyətini zəiflədir, barmaqlıqlar tutulur:
"Ümumiyyətlə, Bakıda 20-30 il əvvəl köhnə texnologiyalarla tikilən bu yollarla nəqliyyat sistemini yüksəltmək mümkün deyil. Su asfaltın düşmənidir. Yolların da dağılmasının birinci problemi yağış sularının vaxtında axıb getmədiyidir ki, bu da həm maşın, həm də piyadaların hərəkətini çətinləşdirir".
|