Doktoranturaya qəbulla bağlı situasiyaya tədricən aydınlıq gəlir. Bəzi imtahanların mərkəzləşdirilmiş qaydada AMEA-da aparılacağı müəyyən edilib.
"14 dekabr 2010-cu ildə "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların" siyahısı da təsdiqləndikdən sonra doktoranturalara qəbul prosesinin başlanması üçün daha bir sənədin qəbulu qalır. Bu da ali təhsil müəssisələrinin qəbul planlarının təsdiqlənməsidir. Artıq ali təhsil müəssisələri, elmi təşkilatlar Nazirlər Kabinetinə müvafiq qəbul planlarını təqdim edirlər. Təqdimetmə prosesi başa çatdıqdan sonra Nazirlər Kabineti AMEA-nın və Təhsil Nazirliyinin rəyi əsasında doktoranturalara qəbul elanlarının verilməsi haqqında qərar qəbul edəcək. Bu qərarın qəbulundan 1 ay sonra isə doktoranturalara qəbul keçiriləcək".
Bu fikirləri YAP-ın saytına müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov deyib. O bildirib ki, təsdiq olunmuş qaydalara müvafiq olaraq, imtahanlar doktoranturaların olduğu təşkilatlarda həyata keçiriləcək:
"Doktoranturaya daxil olmaq istəyən iddiaçıların həm sənədlərinin qəbulu, həm iddiaçılarla söhbətlərin aparılması, həm də mövzuların verilməsi, elmi rəhbərlərin təyinatı və s. elmi təşkilatların, ali təhsil müəssisələrinin özlərində baş tutacaq. Qəbulla bağlı bəzi imtahanlar isə mərkəzləşdirilmiş qaydada akademiyada götürüləcək. Məsələn, xarici dildən imtahan akademiyanın xarici dillər kafedrası, fəlsəfədən imtahan Fəlsəfə İnstitutu tərəfindən götürüləcək, ixtisas imtahanları isə ixtisas sahələri yaradılmış ali təhsil müəssisələrində aparılacaq".
A.Həşimov əlavə edib ki, doktoranturaya imtahan yolu ilə qəbul olunanlar əyani və qiyabi formada təhsil ala biləcəklər. Dissertantlıq yolunda isə bu səviyyədə təhsilini davam etdirənlər mütləq ya elmi işçi olmalı, ya da ki, pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar.
"Fəlsəfə elmləri üzrə əyani təhsil 3 il, dissertantlıq və elmlər doktoru üzrə isə 4 ildir. Qiyabi təhsil isə fəlsəfə elmləri üzrə 4 il, dissertantlıq və elmlər doktoru üzrə isə 5 ildir. Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq, doktoranturada təhsil həm ödənişli, həm də ödənişsiz olacaq".
|