Parlamentin dünənki iclasında "Fərdi məlumatlar haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiklik edildi. Konkret olaraq İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qanunun tələblərinin pozulmasına görə 300 manatdan 500 manata qədər cərimə tətbiq ediləcək.
Vergi Məcəlləsinə dəyişikliyə görə isə, deputatlarla yanaşı hakimlərə də öz səlahiyyətlərini yerinə yetirməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən aylıq pul təminatı vergidən azad edildi. Bu məsələyə münasibət bildirən Qüdrət Həsənquliyev vergi siyasətində bir qədər güzəştlərin olmasının vacibliyindən danışdı. Onun sözlərinə görə, Britaniya kimi inkişaf etmiş bir ölkədə yeni açılan təşkilat 2 il ərzində vergidən azad olunur:
"Bizdə isə hamı rayonlardan Bakıya axışır. Bakı gərginlikdən azad olmur. Vergilərin böyük hissəsi Bakıda verilir. Hökumət çox ciddi düşünməlidir ki insanlar Bakıdan rayonlara axışsınlar və istehsal emalatxanalarını orada yaratsınlar ki, Bakı yüklənməsin".
|