Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev özünə və ailə üzvlərinə qarşı edilən təzyiqlərin dayandırılması, oğlu Hafiz Əliyevin və özünün işdən azad edildikləri məktəblərə işə bərpa edilmələri tələbi ilə dekabrın 29-dan aclıq aksiyasına başlayıb. Dünəndən aksiyaya onun həyat yoldaşı Kamilə Əliyeva da qoşulub. Bu barədə "nakhçhivan.org.az" saytı məlumat verir.
"Artıq fikrim qətidir. Aclıq aksiyasını ölənə qədər davam etdirəcəyəm. İki ildir mənə rayon rəhbərliyi tərəfindən təzyiqlər edilir. Dəfələrlə ölümlə hədələnmişəm. Həmkəndlilərimi, qohumlarımı mənim üzərimə qaldıraraq məni cəmiyyətdən təcrid etməyə çalışıblar. İnsanlar mənə salam verməkdən qorxurlar. Bunlar azmış kimi, indi də bizi çörəklə imtahana çəkirlər", - deyə qeyd edən M.Əliyev müxalifətçi və fərqli düşüncə sahibi olduğu üçün təzyiqlərlə üzləşdiyini bildirir.
"Bizim hər ikimizə təzyiq altında ərizə yazdırıblar. Həmin ərizələrdə müxalif fikirli olduğumuz üçün bizə təzyiqlər edildiyini və məcburiyyət qarşısında ərizə yazaraq işdən çıxmaq istədiyimizi yazmışıq", - deyə o bildirdi.
M.Əliyev deyib ki, problemlə bağlı sonra o, Ali Məclisə şikayət ərizəsi yazsa da, ona heç bir cavab verilməyib. Məhkəməyə müraciət etmək üçün dəfələrlə təhsil şöbəsindən işdən çıxarılması haqda əmrin surətini istəyib. Amma ona əmrin surəti təqdim olunmayıb. Bu müddət ərzində ona işə qaytarılmaq haqda vədlər də verilib. Dekabrın 29-da isə onun evinə əmək kitabçasını göndəriblər. Əmək kitabçasında təhsil şöbəsinin 15 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə (əmək intizamını pozma) əsasən işdən azad olunduğu yazılıb. "Təhsil şöbəsində onlardan xahiş etdim ki, əgər məni işdən çıxarsalar, öz ərizəm əsasında çıxarsınlar. Onlar isə əmək kitabçamı bu cür yazmaqla mənim bundan sonrakı müəllimlik fəaliyyətimin qarşısını alırlar. Bundan sonra məni müəllim kimi heç bir yerdə işə götürməyəcəklər", - deyə M.Əliyev vurğulayıb.
Müxalifətçi əlavə olaraq bildirib ki, oğlu Hafiz Əliyevin işdən çıxarılması haqda əmrin surətini və əmək kitabçasını hələ də ala bilməyib. O, mətbuat vasitəsi ilə ona və ailəsinə olunan haqsızlıqların dayandırılması və hüquqlarının bərpa olunması üçün prezident İlham Əliyevdən, Azərbaycanda olan beynəlxalq və yerli hüquq müdafiəçilərindən, diplomatik korpuslardan kömək istəyib .
Xatırladaq ki, parlament seçkilərindən sonra noyabrın 8-də oğlu Hafiz Əliyev, bundan iki gün sonra isə Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev müəllim işlədikləri məktəbdən işdən çıxarılıblar. O özünün və oğlu Hafiz Əliyevin hüquqlarının bərpa olunması tələbi ilə noyabrın 22-də aclıq aksiyasına başlamışdı. M.Əliyev işdən çıxarılmalarını özünün müxalifət partiyasında olması və oğullarından birinin 7 noyabr seçkilərində müşahidəçi kimi seçkilərdə iştirakı ilə əlaqələndirib.
Şahbuz rayon Təhsil Şöbəsindən M.Əliyevin əmək intizamını pozduğuna görə məktəb rəhbərliyi tərəfindən işdən çıxarıldığı bildirilib.
|