"Artıq Azərbaycan diasporu yeni və keyfiyyətli iş mərhələsinə qədəm qoyub. Diaspor təşkilatlarımız yeni metodlardan istifadə edərək Azərbaycanın problemlərini dünya ictimaiyyətinə çatdırmağa çalışır. Apardığımız işdə diaspor təşkilatlarının əməyini yüksək qiymətləndiririk". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib (APA).
N.İbrahimov bildirib ki, dünyada 370-dən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir: "Onların hər biri bu və digər formada vətənləri və xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün iş görür. Ola bilər ki, bunların hamısı mətbuat səhifələrinə çıxarılmır. Bütün hadisələri sadalamaq mümkün deyil. Məsələn, Moskvada baş verən hadisələrlə bağlı komitənin əməkdaşları bu şəhərə səfər etdilər, diaspor təşkilatlarının birgə yığıncağı da keçirildi, Rusiya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin toplantısı oldu və azərbaycanlılara qarşı yönələ biləcək mənfi addımların qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər həyata keçirildi. Artıq bizi narahat edə biləcək hal yoxdur".
Komitə sədri Gürcüstandakı azərbaycanlıların vəziyyətinə də toxunub: "Orta məktəblərdə azərbaycanlılar üçün dövlət hesabına gürcü dili kursları açılıb. Əvvəllər Gürcüstan ali məktəblərinə 17-20 nəfər azərbaycanlı abituriyent daxil olurdusa, bu il 540 nəfər azərbaycanlı Gürcüstan universitetlərinə daxil olub. 20 azərbaycanlı isə Şimali Kiprin Yaxın Doğu Universitetinə dövlət hesabına oxumağa göndərilib. Həmin gənclər Gürcüstana qayıdıb dövlət orqanlarında işləyəcək".
Onun sözlərinə görə, dünya azərbaycanlılarının üçüncü qurultayının vaxtı müəyyənləşib. Qurultay 2011-ci il martın ilk yarısında Bakıda keçiriləcək. N.İbrahimovun sözlərinə görə, artıq bununla bağlı bütün prosedur məsələlər öz həllini tapıb.
Komitə sədri gələn il Dünya Azərbaycanlıları Gənclər Birliyinin formalaşması prosesinin də nəzərdə tutulduğunu deyib. 2010-cu ilin Azərbaycan diasporu üçün uğurlu il olduğunu deyən N. İbrahimov "gələn il də diasporumuz üçün çox mühüm və uğurlu illərdən biri olacaq" deyib.
|