 |
NATO-dan aralanma, Rusiyaya yaxınlaşma nə vəd edir?
Cümə, 31.12.2010
|
|
2010-cu il başa çatdı. İlin sonunda adəti üzrə yekunlar çıxarılır, nəticələr müzakirə olunur və perspektivlər cızılır. Belə bir halda biz ənənəvi olaraq təhlükəsizlik və müdafiə sektoru ilə bağlı yekunları, nəticələri və bir sıra perspektivləri ortaya qoymaq qərarına gəldik.
Azərbaycan - Rusiya - NATO üçbucağı: Doktrinal sənədlər nə vəd edir
2010-cu il Azərbaycan təhlükəsizlik və müdafiə sektoru üçün doktrinal sənədlərin tətbiqi baxımından uğurlu il sayıla bilər. Burada söhbət heç də bu ilin iyulunda MM-də təsdiq olunmuş milli Hərbi Doktrinadan getmir. Söhbət həm də Rusiya prezidentinin bu ilin fevralında təsdiq etdiyi Hərbi Doktrinadan, NATO dövlət və hökumət başçılarının noyabr ayının 19-20-də Lissabonda qəbul etdiyi Yeni Strateji Konsepsiyadan gedir. Bəllidir ki, hər 3 sənəd Azərbaycanın təhlükəsizlik perspektivinə təsir göstərir.
- birincisi, milli Hərbi Doktrina geniş həcmli sənəd hesab olunsa da, məzmun etibarilə qənaətbəxş sayılmır. Orada Azərbaycana mövcud və perspektiv təhlükələr əksini tapmayıb, strateji müttəfiqlər yoxdur. Ordu quruculuğunun perspektivləri dəqiq və aydın deyil, NATO ilə əməkdaşlıq prespektivlərinə dair ciddi konturlar görünmür və s. Bütün bunlar onu Milli Təhlükəsizlik Konsepsiyasından fərqləndirən əsas məqamlardır.
- ikincisi, Rusiyanın Hərbi Doktrinası bütün postsovet ölkələrinə olduğu kimi, Azərbaycanın milli təhlükəsizliyinə də təsir göstərir. Qarşıdakı 10 il üçün nəzərdə tutulmuş bu sənəddə NATO-nun Şərqə doğru yönəlik siyasəti Rusiyanın təhlükəsizliyinə təhdid hesab olunur, eyni zamanda Rusiyanın postsovet məkanında mövcud hərbi mövcudluğunun davam etdirilməsi və genişlənməsi kimi məqamlar əksini tapır. Bu sənəd Rusiya üçün eyni zamanda Xəzər regionunda hegemonluq imkanlarını davam etdirmək niyyətini ortaya qoyur.
- üçüncüsü, NATO-nun Yeni Strateji Konsepsiyasında əksini tapan məqamlar, xüsusilə də alyansın tərəfdaş ölkələrlə yeni əməkdaşlıq prosesinə başlamaq niyyətləri, hazırda bu proseslə bağlı cərəyan edən məqamlar və s. Azərbaycanın yaxın perspektivdə NATO üçün vacib tərəfdaş ölkələrdən birinə çevrilmə ehtimalını yaradır. Amma yeni sənəd aktiv tərədaşlara üçüncü ölkələrin təzyiq və təhdidlərini neytrallaşdırmaq yollarını özündə əks etdirməməsi səbəbindən qeyri-mükəmməl hesab olunur.
Azərbaycan rus silahından xilas olur?
2010-cu ilin may ayının 10-13-də İordaniyada keçirilən SOFEX-2010 sərgisi Azərbaycan müdafiə sənayesinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab edilə bilərdi. Sərginin gedişində Türkiyənin və ABŞ-ın bir sıra müdafiə sənayesi şirkətləri ilə gələcək əməkdaşlığa dair çoxsaylı müqavilə və niyyət sənədləri imzalandı. Xüsusilə ABŞ şirkətləri ilə imzalanmış sənədlərlə bağlı ortaya sızan informasiyalar ABŞ-ın Azərbaycanla müdafiə sənayesi üzrə əməkdaşlığının gələcək konturlarını çəkmək baxımından faydalı oldu.
Amma əldə olunan son məlumatlar bu prosesin uğurla davam etdiyi qənaətini yürütmək imkanı vermir.
Müşahidələr onu deməyə əsas verir ki, qarşıdakı ildə Azərbaycan müdafiə sənayesinin beynəlxalq əməkdaşlığı davam etsə də, postsovet məkanına, xüsusilə də Rusiya ilə əməkdaşlığa yönəlik siyasət qalacaq.
Dəyişkən xarici hərbi siyasət konturları
2010-cu ildə Azərbaycanın xarici hərbi siyasəti daha çox postsovet məkanı istiqamətinə yönəlib. Əgər ötən illərdə daha çox NATO ilə əməkdaşlıq məsələləri özünü qabarıq göstərirdisə, 2010-cu ildə Rusiya ilə hərbi-texniki əməkdaşlığın dərinləşdiyini gördük. Xüsusilə də 2010-cu ildən başlayaraq Azərbaycan SQ üçün kadrların eyni zamanda Rusiya ali hərbi məktəblərində hazırlanma tendensiyası güclənib. İki ölkə arasında bir sıra istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müəyyənləşib.
2010-cu ildə Azərbaycanın Rusiyadan 2 ədəd C-300 Zenit Raket Kompleksi aldığına dair məlumatların fonunda düşünmək olar ki, 2011-ci ildə Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq prosesi daha da dərinləşəcək.
Xəzər dartışması
İlin əsas diqqət çəkən məqamlarından biri Xəzər dövlətlərinin dəniz təhlükəsizliyi imkanlarının genişləndirilməsi istiqamətində baş verən proseslərdir. Əldə olunan bilgilərə görə, 2010-cu il bu baxımdan Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya üçün düşərli olub. Müşahidələrə görə, bu gün Xəzər faktik olaraq döyüş poliqonuna çevrilib, 2010-da region ölkələrinin Hərbi Dəniz Donanmalarına və Sahil Mühafizələrinə ayırdıqları vəsaitin ümumi həcmi 100 milyon dollardan yuxarıdır.
Bu yaxınlarda Xəzəryanı dövlət başçılarının Bakı sammiti və qəbul olunan sənədlərdə əksini tapanlar Azərbaycanın milli təhlükəsizliyi baxımından önəm kəsb edir. Bəlli olur ki, Xəzəryanı dövlətlər Qərbin, xüsusilə də ABŞ-ın bu dənizdə hərbi-siyasi-iqtisadi maraqlarının təmin olunmasına imkan verməyəcəklər.
Təlimlər təxirə salındı, ABŞ-la müqavilə ratifikasiya olunmadı
2010-cu ilin əsas hadisələrindən biri də ABŞ SQ və Azərbaycan MN arasında mayda nəzərdə tutulmuş "Regional cavab" hərbi təlimlərinin Bakının birtərəfli qaydada imtinası səbəbindən təxirə salınmasıdır. MN bu günə kimi bu imtinanın səbəblərinə rəsmən aydınlıq gətirməyib.
Bu dövrdə bəlli oldu ki, Azərbaycan parlamenti ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı (EUCOM) ilə bu ilin əvvəlində imzalanmış İş Planının ikinci mərhələsinə dair sənədi ratifikasiya etməkdən imtina edir. Azərbaycanın Xəzərdə təhlükəsizlik imkanlarına ABŞ və NATO-nun ciddi dəstəyini nəzərdə tutan və 2006-2008-ci illərdə birinci mərhələsi uğurla reallaşdırılmış bu sənədin bu günə qədər niyə parlament tərəfindən ratifikasiya olunmaması ilin əsas suallarından biridir.
İlin yekunu belədir ki, 2010-cu il Azərbaycan - ABŞ hərbi əməkdaşlığında "geriyə addım" dövrü kimi tarixə düşəcək. 2011-ci ildə bu istiqamətdə müsbətə doğru ciddi dəyişikliklərin olacağını proqnozlaşdırmaq çətindir.
IPAP "donduruldu"?
İlin əsas diqqət çəkən məqamlarından biri Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) sənədinin üçüncü mərhələsinin imzalanma prosesinin təxirə salınmasıdır. İlk dəfə 2005-ci ildə imzalanan, 2008-ci ilin martında ikinci mərhələsi razılaşdırılan və 2010-cu ilin iyununda üçüncü mərhələsinin razılaşdırılması gözlənilən sənədin taleyi bu gün sual altına düşüb. Son məlumatlara görə, sənəd noyabr ayında təsdiqlənməli idi...
IPAP-da əksini tapan bir sıra islahatlar və yanaşmalar Rusiya üçün qəbuledilməzdir və prosesi gecikdirən məsələ də elə budur.
Sənədin 2011-ci ildə razılaşdırılacağı istisna deyil. Amma onun mətninin fərqli olacağı, Azərbaycanın bir sıra islahatlardan və yanaşmalardan geri çəkiləcəyi gözlənilir.
Qafqaz üçün 102 saylı təhlükə
İlin əsas hadisələrindən biri Rusiya və Ermənistan arasında Gümrüdəki 102 saylı hərbi bazadan istifadəyə dair sənəddə dəyişiklik oldu. Bu dəyişikliklər həm bazanın istifadə müddətinin 49 illiyə uzadılmasına səbəb oldu, həm də Rusiya bazasının Ermənistanın təhlükəsizliyinin təminatçısı olduğuna dair müddəaları özündə əks etdirdi. Sənədə görə, Rusiya 49 il ərzində Ermənistan silahlı qüvvələrini həm də müasir silah və hərbi texnika ilə təchiz edəcək.
Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı
2010-cu ilin əsas hadisələrindən biri Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair sənədin və həmçinin "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"nin imzalanması oldu.
Xüsusilə də müqavilədə əksini tapan məqamlar diqqəti çəkir və Türkiyənin gerçəkdən Azərbaycanın ərazi bütövlüyünün təminatçısı olduğu təsbit olunur. Xüsusi olaraq bu müqavilə üzrə 2011-ci ildə görüləcək işlər maraqlıdır. Müşahidələr göstərir ki, iki ölkənin hakimiyyətləri arasında münasibətlərdə müəyyən problemlər hələ də qalır və onlar hərbi əməkdaşlığın irəliləməsinə əsas əngəl törədən məqamlardandır. Ümid etmək olar ki, gələn il iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hərbi istiqamətdə əməkdaşlıq daha da dərinləşəcək.
Qanunvericilik islahatı
2010-cu ilin əsas hadisələrindən biri MN hüquq idarəsinin tərkibində hərbi hissələrdə baş verən qanun pozuntularını araşdırmaq və təhqiqat aparmaq üçün beş regional idarə yaradılmasını nəzərdə tutan qanun dəyişiklikləri ilə bağlıdır. Bunun üçün parlament oktyabrın 22-də bir sıra sənədlərdə dəyişiklik etmişdi, prezident isə dekabrın 28-də bununla bağlı fərman imzalayıb.
Bu idarələr hərbi hissələrə tabe olmadan, müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlayacaq və təhqiqat aparacaq.
Ekspertlər yeni dəyişikliklərin ciddi səmərə verəcəyini düşünmür. Onların fikrincə, mövcud strukturla da ordudakı qanunların aliliyi istiqamətində uğur əldə etmək olardı, təki bir sıra qanunsuz əməllər aradan qaldırılsın.
Orduda kütləvi maliyyə axını: gəlir hara gedir?
Aprelin 23-də prezident İlham Əliyevin sədrliyi ilə MN aparatında keçirilən görüş və orada səslənən ismarıclar Azərbaycanda ordu quruculuğunun mövcud durumu və perspektivləri barədə müəyyən fikirlərin irəli sürülməsi üçün əhəmiyyətli idi. Bəlli oldu ki, Azərbaycan müdafiə və təhlükəsizlik sektoruna ayırdığı vəsaitin həcmini daha da artıracaq və hökumətin qəbul etdiyi əsas planlardan biri silahlanma ilə bağlıdır. Bu tədbirdən bir az sonra hökumətdə artıq neft gəlirləri hesabına ölkənin müdafiə xərclərinin kəskin artımı ilə bağlı ciddi müzakirələrə başlanıldı. Təsadüfi deyil ki, 2011-ci il üçün Azərbaycanın müdafiə xərcləri ümumilikdə 3,5 milyard dollara yaxındır ki, bu da ümumilikdə bölgə ölkələri üçün görünməmiş miqdarda vəsaitdir.
Amma müdafiə sektoruna bu həcmdə vəsaitin ayrılmasına baxmayaraq 2010-cu ilin sentyabrında hərbi qulluqçuların məvaciblərinin orta hesabla 10 faiz artması səmərəli addım hesab olunmadı. Nəzərə alınmalıdır ki, Azərbaycanda hərbi qulluqçuların məvacibləri, demək olar ki, Ermənistan hərbçilərinin məvaciblərinə yaxındır. Amma müdafiə xərcləri arasında isə təxminən 10 dəfə fərq var.
2011-ci ildə Azərbaycanda müdafiə xərclərinin səmərəli xərclənəcəyi, hərbi qulluqçuların məvaciblərinin kəskin artacağı barədə nikbin bəyanatlar səsləndirmək və ya mülahizələr vermək üçün ciddi əsaslar yoxdur. Bu da təəssüf doğuran məqamlardandır.
Zərif atəşkəs xətti
2010-cu ildə diqqət çəkən məqamlardan biri atəşkəs xəttinin zərifliyi ilə bağlı oldu. İyun ayından başlayaraq cəbhə xəttində atəşkəs rejiminin pozulması halları kəskin artdı, hətta proseslər kiçik miqyaslı hərbi əməliyyatların bərpa olunmasına keçdi. Azərbaycan şəhidlər verdi. Müharibənin yenidən alovlanacağı barədə pessimist bəyanatların sayı artdı.
Ümumi rəy bundan ibarətdir ki, 2010-cu ildə baş verən bir sıra proseslər cəbhə xəttində hərbi əməliyyatların hər an alovlana biləcəyi mümkünlüyünü təsdiq etdi. Baş verənlər Ermənistan ordusunda ciddi silkələnməyə səbəb oldu, orduda baş verən xeyli sayda neqativ hadisələr əvvəllər olmadığı tərzdə mətbuata sızdı.
İlin itkiləri
2010-cu il Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru üçün bir sıra parametrlərdə ağır keçib. İl ərzində müxtəlif səbəblərdən dünyasını dəyişən hərbi qulluqçuların sayı 80-ə yaxınlaşıb, yaralanan və xəsarət alanların sayı isə 90 nəfər təşkil edib. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri bu göstəricinin 2003-cü ildən bu yana ən böyük göstərici olduğunu qeyd edirlər. Ekspertlərin fikrincə, orduda baş verən itkilərin sayının kəskin artmasına bir sıra səbəblər var, onlar arasında əsas yeri nizamnamə hərəkətlərinin çoxluğu, "dedovşina" halları, maddi-texniki təminatda mövcud problemlər və s. tutur...
|
|
|
Oxşar xəbərlər:
"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır
Hərbi səneye müəssisələrinin açılışı olub
Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib
Bəxtiyar Hacıyev 24 saat ac-susuz saxlanıb
Hərbi jurnalistika özü də müzakirə mövzusudur
|
|
|