Vüqar Bayramov:
"Gələn il əmanətlərin qaytarılacağı gözlənilmir"
 |
Bunun heç qanunvericiliyi də formalaşdırılmayıb
Cümə, 31.12.2010
|
|
Hər gələn ilin daha uğurlu olacağına inanırıq. Ümid ümidlər doğurur. Çətinliklərlə, ümidlərlə dolu bir ili başa çatdırmaq üzrəyik. Yenə də yeni ümidlərimiz var. Vətəndaş təbii olaraq 2011-ci ildə gəlirinin, məvacibinin artmasını, həyat şəraitinin yaxşılaşmasını diləyir. Məvaciblərin artmayacağı artıq bəllidir. Çünki Milli Məclisə seçki ərəfəsində əməkhaqları artırılıb. Amma sovet dönəmində banklarda batıb qalmış əmanətlərin veriləcəyinə bəlkə də ümid etmək olar. Hər halda, əmanətlərin 2011-ci ildə qaytarılacağı məsələsi yenidən gündəmə gəlib. Rəylərə görə, hökumət ilin ikinci yarısından prosesə başlayacaq. Məgər buna ümid etməyə dəyər? Deyəsən, iqtisadçılar bu ehtimala o qədər güvənmirlər. Məsələn, iqtisadçı Vüqar Bayramov bu sarıdan nikbin deyil. O deyir:
- Bu məsələ ilə bağlı 1991-ci ildən öhdəlik götürülüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.
Fikrimcə, hökumət növbəti ildə əmanətlərin qaytarılacağını düşünmür.
Çünki 2011-ci ilin dövlət büdcəsindən bu istiqamətə xərc maddəsi yer almır. Əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi də ortada yoxdur. 2011-ci ildə qanunvericilikdə əmanətlərin qaytarılması yönündə müddəanın nəzərdə tutulacağı güman edilmir. Məsələ ondadır ki, baza formalaşmadan əmanətlərin qaytarılmasına başlamaq mümkün deyil. Başqa tərəfdən, əmanətlərin qaytarılması istiqamətindəki mövcud ənənəvi problemlər qalmaqdadır. Söhbət məcburi köçkün olan vətəndaşların əmanət kitabçalarının işğal olunmuş ərazilərdə qalmasından gedir. Bir sıra əmanətlər üzrə arxiv materialları məhv olub. O cümlədən işğal altındakı ərazilərdə fəaliyyət göstərən əmanət banklarına yerləşdirilmiş əmanətlərin tam məbləği ilə bağlı informasiya yoxdur. Bu da məcburi köçkünlərə ödəniləcək vəsaitlərin hesablanması yönündə ciddi problemlər yaradır.
Əmanətlərin qaytarılması ilə bağlı digər problem prosesə başlanılacağı halda sovet dönəmində Azərbaycanda yaşamış, hazırda işğal edilmiş ərazilərdə yaşayan və eləcə də Ermənistana köçən ermənilərin öz əmanətlərini geri tələb etməsi ehtimalıdır.
- Saxta kitabçaların hazırlanma ehtimalı var?
- Problem ondadır ki, sovet dönəmində çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur. Saxta əmək kitabçaları hazırlana bilər. Bu hala Ukraynada tez-tez rast gəlindiyi üçün bu ölkədə əmanətlərin qaytarılması ilə bağlı proses 5 dəfə təxirə salınıb. O baxımdan əmanətlərin qaytarılması istiqamətində hüquqi bazanın formalaşması gərəkli olsa da, bir sıra problemlərin həlli vacibdir. Güman edilir ki, əmanətlərin qaytarılması narazılıqlara gətirib çıxaracaq. Həm indeksasiya, həm də əmanətlərin alınma prosesində narazılıqlar qaçılmazdır. MDB ölkələrinin təcrübəsi göstərir ki, bəzi hallarda əmanətlərin qaytarılması ilə bağlı problemlər Avropa Məhkəməsi səviyyəsinə qədər yüksəlir.
- Əmanətlərin qaytarılma prosesindəki əngəllərin həll yolu nədə görülür?
- Əlbəttə, təkliflərə arxivlərin elektronlaşdırılması və bununla da saxta əmanət kitabçaları probleminin həllinə nail olunması daxildir. Əmanətlərin qaytarılması ilə bağlı ənənəvi problemlərdən qaçmaq üçün prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Mərhələlər etnik ermənilərin əmanətlərini tələb etməsi və məcburi köçkünlərin əmanətlərinin qaytarılması ilə bağlı problemləri həll etməyə imkan verəcək. 2001-ci ildə əmanətlərin qaytarılması nəzərdə tutulmasa da, bu yöndə qanunvericiliyi formalaşdırmağa başlanılmalıdır. Bu halda növbəti illərdə əmanətlərin qaytarılması üçün hüquqi bazanın formalaşdırılmasına imkan yarana bilər.
O illərdə əmanət bankına yatırılan əmanətlərin strukturu onların indeksləşdirilməsini asanlaşdırır. Əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır. Belə olan halda isə istər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanma imkanları məhdudlaşacaq.
Əmanətləri indeksləşdirmə ilə bağlı belə bir sistem təklif edirik:
1000 rubladək olan əmanətlər hər 2 rubla 1 manat
1000-2000 rubl arasındakı əmanətlərə hər 4 rubla 1 manat
2000-5000 rubl arasındakı əmanətlərə hər 6 rubla 1 manat
5000-10000 rubl arasındakı əmanətlərə hər 8 rubla 1 manat
10000 rubldan artıq əmanətlərə hər 10 rubla 1 manat
- İş bu sistemə uyğun həyata keçirilsə, prosesin icrası üçün nə qədər vəsait lazımdır?
- Tələb olunan məbləğ 900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək. Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar..
|
|
|
Oxşar xəbərlər:
Mənfəət vergisi ləğv edilir
Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil
BVF bankların sayını azaltmağı tövsiyə edir
Banklar üçün çıxış yolları
|
|
|