Torpaq islahatları nəticəsində torpaq sahibi olanların bir hissəsi torpaq sahələrində heç bir iş görməyib. Onlar xüsusi mülkiyyət sahibi olduqdan sonra torpaqlardan səmərəli istifadə etməyib, torpaqdan təsərrüfat məqsədi ilə deyil, başqa məqsədlər üçün yararlanıblar. Bunun nəticəsidir ki, neçə illərdir yüz hektarlarla torpaq boş qalır. Məsələn, Abşeronda yüz hektarlarla zeytun bağları vaxtilə imkanı olan şəxslər tərəfindən alınaraq özəlləşdirilib. Binəqədinin və Xəzər rayonunun bir neçə massivində də belə hallar çoxdur. Keçmiş sovxoz ərazilərinə məxsus torpaqlara sahib olan şəxslər neçə illərdir ki, buranı istifadəsiz qoyub.
Müəyyən edilib ki, bu cür torpaqlar Şağan, Nardaran, Kürdəxanı, Mərdəkan, Maştağa, Hövsan, Zirə, Məhəmmədi, Buzovna, Binə, Fatmayi, Goradil və digər kəndlərin ərazilərində də çoxdur. Həmin torpaq sahiblərinin bir hissəsi torpaqları, sadəcə, alıb saxlamağa üstünlük verir, həmin torpaq sahələri heç bir təsərrüfat məqsədi ilə istifadə olunmur. Həmin torpaqlar kənd təsərrüfatı üçün ən münbit və yararlı torpaqlar sayılsa da, ölkənin aqrar sektoru üçün heç bir əhəmiyyət kəsb etmir.
Yüksək münbitliyi olan Abşeron torpaqlarında zeytunçuluq üçün əlverişli şərait olsa da, buradan indiyədək bir litr də zeytun əldə olunmayıb. Torpaqlar heyvandarlıq məqsədi ilə də istifadə olunmur. Halbuki burada böyük quşçuluq və heyvandarlıq təsərrüfatları yaratmaq mümkündür. Eləcə də emal müəssisələri yaratmaq olar. Amma torpaqlarda təsərrüfat yaratmağa yox, ondan kommersiya vasitəsi kimi yararlanmağa üstünlük verirlər.
Hətta bəzi torpaqlar tikinti materilları bazarına çevrilib. Bəzi torpaqlarda isə kafe, çayxana, maşın təmiri sexləri yaradılıb. Torpaqlar hətta mağaza və müxtəlif ticarət obyektləri tikmək üçün başqa şəxslərə icarəyə verilib. Bu isə qanuna görə yolverilməzdir.
Odur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xüsusi mülkiyyətinə verilmiş istifadə olunmayan torpaqları yenidən dövlətin balansına qaytarmaq istəyir. Bununla bağlı müzakirələr gedir. Bəlkə də gələn il əkin üçün verilmiş torpaqları becərə bilməyən təsərrüfat sahiblərindən torpağın geri qaytarılması baş tuta bilər.
Çünki yüzlərlə hektar torpağın boş qalması min tonlarla kənd təsərrüfatı məhsulunun istehsal olunmaması deməkdir. Buradakı torpaqların çoxu şoranlaşmağa doğru gedir və bir neçə ildən sonra bu torpaqları əkinəyararlı etmək mümkün olmayacaq. Ona görə də belə torpaq sahələrinin daha təcrübəli insanların istifadəsində olması məqsədəuyğundur. Bu torpaqlar təsərrüfatla məşğul olmağa layiq olan şəxslərə verilməlidir ki, burada məhsul becərilsin. Başqa şəxsə məxsus torpaq sahələrinin müsabiqə və hərraclar yolu ilə digərlərinə satılması nəzərdə tutulur.
|