"Azəriqaz" hələlik təbii qazın qiymətinin artırılması ilə bağlı hökumətə müraciət etməyib. Belə olan halda yaxın gələcəkdə ölkədə təbii qazın qiymət artımı gözlənilmir", - deyə sözügedən qurumun İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamandar Eyvazov mətbuata açıqlamasında bildirib.
Şöbə rəisi onu da qeyd edib ki, qaz pullarının yığılması ilə bağlı problemlər bu gün də aktualdır. Baxmayaraq ki, smart-kart tipli sayğaclar bu problemi cüzi də olsa yüngülləşdirib:
"Doğrudur, ayın yekununda qaz pullarının yığılmasında nəticə o qədər də pis olmur. Amma illik hesablamalara görə, ümumi olaraq bu hələ də bizi qane etmir. Çünki ölkədə qaz pullarının yığılması 100%-ə çatdırılmalıdır. Çox təəssüf ki, buna hələ də nail ola bilmirik. Bakıda ən çox qaz pullarının gecikdirilməsinə Xəzər, Binəqədi, Sabunçu rayonlarında rast gəlinir. Ən yüksək göstərici isə Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarında qeydə alınır. Bölgələr üzrə qaz pulunun yığılmasında ən aşağı göstərici Şabran, Gəncə, Şirvan, Salyan, yığım səviyyəsi nisbətən yaxşı olanlar isə Qax, Balakən, Zaqatala və cənub bölgəsi rayonlarıdır".
Qazpulu yığımında problem qalır
K.Eyvazov onu da vurğuladı ki, son iki ildə "Azəriqaz" Azərbaycanda smart-kart tipli sayğaclar quraşdırılmasına böyük üstünlük verir. İlk dəfə olaraq smart-kart tipli sayğaclar Naxçıvanda, daha sonra Gəncə, Sumqayıt, Nəsimi və Xəzər rayonlarında quraşdırılıb. Ölkə üzrə yeni abonentlərə smart-kart tipli sayğaclar quraşdırılmaqla bərabər, əvvəlki abonentlərin mənzillərində də tədricən bu sayğaclar quraşdırılacaq. Bu günədək ölkə üzrə 80 minə yaxın smart-kart tipli sayğac quraşdırılıb. Bunun da 50 mininə yaxını Hacıqabul, Gəncə, Sumqayıt, Naftalan, Abşeron rayonlarının payına düşür. Paytaxt üzrə 30 minə yaxın smart-kart tipli sayğac quraşdırılıb.
Deməli, smart-kartın tətbiqi mavi qaz üzrə yığımların qaydaya salınmasına müsbət təsir göstərib. Yığımda irəliləyişə səbəb olub. Eyni zamanda, əhalinin qazdan daha qənaətlə istifadə etməsini şərtləndirib.
Amma onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə smart-kartdan istifadə olunmur. Məsələnin psixoloji tərəfini nəzərə alaraq smart-kartlar tətbiqində maraqlı deyillər. Smart-kartdan istifadə dövlətin öz vətəndaşlarına inanmaması deməkdir. Bu, eyni zamanda, onu göstərir ki, ölkədə istifadə edilmiş enerjinin və ya qazın haqqını ödəməklə bağlı əhalinin təfəkkürü dəyişməlidir.
|