Avqustun 9-da Lənkəran şəhərində üç nəfər Lerik rayon Soru kənd sakini Ağayev Əkrəm Ağaverdi oğluna məxsus VAZ 21-063 "Jiquli" avtomobilini əlindən alıb. Polisə müraciət edildikdən sonra Ə.Ağayevin avtomobili polis vasitəsilə qaytarılıb. Amma baş verən hadisə ilə bağlı cinayət işi açılmayıb. Bu barədə "Ayna"ya ünvanladığı məktubda Ə.Ağayevin özü bildirib.
Onun sözlərinə görə, əvvəl Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Hikmət Ağayevin icraatında olan şikayət üzrə səbəbi izah edilmədən cinayət işinin açılmağından imtina edilib. Habelə şikayətçi qeyd edir ki, polis onu və atasını dələduzluqda da ittiham edir və atasını da təhdid və təhqir edib.
"Mənim Prezident Aparatına, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyinə, Ombudsmana müraciətimdən sonra, işimi başqa bir müstəntiqə - Polad Mehdiyevə veriblər. O da əvvəlki müstənqiq kimi işi qərəzli aparır və o da məni və atamı təhqir edir, hədələyir", - deyə Ə.Ağayev qeyd etdi.
Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Polad Mehdiyev telefon danışığı zamanı "Ayna"ya şikayət edən şəxsi tanıdığını və onun böhtançı, atasının isə dələduz olduğunu iddia etdi.
"Əkrəm Ağayevin şikayət verdiyi insanlar çox hörmətli adamlardır. Onlardan iki zamin durub, digərindən Ağayevin atası Ağaverdi Ağayev üçün min manat pul götürüblər. Ağaverdi Ağayev də həmin pulu uzun müddətdir qaytarmır. Hətta həmin şəxslərdən biri də Ağayevlərin uzaq qohumudur. Onlar Əkrəm Ağayevlə təsadüfən Lənkərandakı çayxanaların birində görüşüblər və söhbət bu borcdan düşüb. Əkrəm Ağayev də atasının hərəkətlərindən çox utandığını və borcun əvəzi kimi şəxsi avtomobilini borc aldıqları adama verib. O, avtomobilini könüllü verib, heç kim də ona hər hansı bir formada təzyiq etməyib. Hadisə tərəfimizdən ətraflı araşdırılıb və əsası olmadığı üçün cinayət işi açılmasından imtina edilib və Ağayevin avtomobili də özünə qaytarılıb", - deyə qeyd edən Mehdiyev həmin şəxslərin A.Ağayevdən pullarını almaları üçün Lerik şəhər Məhkəməsinə müraciət etdiklərini də bildirdi.
"Ayna"nın əməkdaşı ilə telefon söhbətində Əkrəm Ağayev isə müstəntiqin dediklərini cəfəngiyat və cinayətkarları müdafiə üçün düşünülmüş nağıl adlandırdı.
"Hətta atamın kiməsə borcu varsa belə, kimsə mənim avtomobilimi qanunsuz yolla əlimdən ala bilməz. Məni döyüb, avtomobili əlimdən alıblar. İndi də mən şikayətdən əl çəkim deyə yaşlı və xəstə atama şər atırlar. Bəli, həmin şəxslər tərəfindən Lerik şəhər Məhkəməsinə şikayət verilmişdi. Amma əsassız olduğu üçün onların şikayəti təmin olunmadı. İndi də məni cibimə narkotik atıb həbs etməklə, öldürməklə hədələyirlər. Bu səbəbdən də Milli Təhlükəsizlik Nazirliyinə təhlükəsizliyimin təmin edilməsi üçün müraciət etmişəm", - deyə Ə.Ağayev qeyd etdi.
|