Beynəlxalq dillər sırasına daxil olan ərəb dili indiyə qədər Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində tədris edilirdi. İndi isə ərəbşünaslıq Azərbaycan Dillər Universitetində (ADU) də tədris ediləcək. Ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlərinin ADU-da keçirilən görüşündə bu barədə söhbət gedib.
Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, millət vəkili Fəttah Heydərov, İordaniya Haşimilər Krallığının Azərbaycan səfiri Adel Məhəmməd Adeylah, Misir Ərəb Respublikasının səfiri Sabir Əbdülqadir Mənsur, Küveyt səfiri Hassan Yusuf Əl-Zavavi, İraqın səfiri Heydər Əl-Barrak, Fələstin səfiri Nasir Əbdül Kərəm A.Rəhim, Qətərin səfiri Şeyx Mübarək bin Fahad Əl-Tani, Səudiyyə Ərəbistanı Krallığının səfiri Fahad bin Ali F.Əl-Dosari, Mərakeş Krallığının səfiri Hassan Hami, eləcə də Liviya Xalq Sosialist Ərəb Cəmahiriyyəsinin Azərbaycandakı müvəqqəti işlər vəkili Nayi E.Qazala iştirak ediblər. Qonaqları salamlayan ADU-nun rektoru Səməd Seyidov ərəb ölkələri səfirlərini universitetdə görməkdən məmnunluğunu ifadə edib. Səməd Seyidov ADU-da ingilis, alman, fransız və bir çox başqa dillərin tədris olunduğunu, bilavasitə tələbələrin bu dilləri mənimsəməklə yanaşı, həmin dilin daşıyıcısı olan xalqların tarixini, mədəniyyətini öyrəndiklərini qeyd edib. O bildirib ki, yaxın gələcəkdə universitetdə tədris olunacaq ərəb dili vasitəsilə tələbələr ərəbdilli ölkələrlə daha yaxından tanış olacaqlar:
"2011-2012-ci il tədris ilindən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində ərəbşünaslıq ixtisası fəaliyyətə başlayacaq. İlkin olaraq ixtisas üzrə 10 tələbə ərəb dünyasını öyrənəcək. Ərəb ölkələri ilə qurulan münasibətlər bizim üçün əsas prioritet istiqamətlərdən biridir". İordaniya Haşimilər Krallığının Azərbaycan səfiri Adel Məhəmməd Adeylah universitetə səfər etməkdən xeyli məmnun olduğunu bildirib. Ərəb dünyasının Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq etdiyini vurğulayan diplomat təhsil sahəsində də qarşılıqlı münasibətlərin qurulmasının vacibliyini önə çəkib. İraq səfiri Heydər Əl-Barrak Universitet rəhbərliyinin səmimi qəbuluna görə təşəkkür edib. O, universitetdə açılacaq ərəbşünaslıq ixtisasının tədrisi üçün lazım olan hər cür mənəvi və maddi dəstək olacaqlarını bildirib. Ölkəmizdə fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin mühüm rol oynadığını bildirən səfir gələcək əməkdaşlıq üçün əlverişli mühit olduğunu vurğulayıb. ADU-da ərəbşünaslıq ixtisasının açılmasını təhsil və əməkdaşlıq sahəsində böyük nailiyyət kimi qiymətləndirən Heydər Əl-Barrak universitetin təşəbbüsünü yüksək dəyərləndirib.
Misir Ərəb Respublikasının səfiri Sabir Əbdülqadir Mənsur, Mərakeş Krallığının səfiri Hassan Hami və Səudiyyə Ərəbistanı Krallığının səfiri Fahad bin Ali F.Əl-Dosari də elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını bildirdilər və universitetə bu sahədə dəstək veriblər.
|