Naxçıvanla həmsərhəd İqdır vilayətinin əhalisinin böyük bir bölümünü etnik azərbaycanlılar təşkil edir və onlar 1915-20-ci illərdə erməni terror dəstələrindən böyük zülmlər görmüş, bu yerlər böyük qırğınlara səhnə olmuşdur. İqdırda soyqırım qurbanlarına böyük bir abidə də qoyulub. Bu günlərdə isə eşidirik ki, yerli universitetdə erməni dili və ədəbiyyatı bölməsi açılacaq və buraya Ermənistandan müəllim dəvət olunacaq. Biz bildiyimizcə, buradakı etnik azərbaycanlılar bunu istəmir, Qarsda olduğu kimi, İqdırda da Ermənistanla kimlərin əlaqə qurmaq istədiyi yaxşı məlumdur. Qarsda belələrinin cavabı verildi. İndi də İqdır... Amma artıq buna etirazlar var.
Türkiyənin Təhsil İşçilərinin Həmkarlar Təşkilatının İqdır şöbəsinin müdiri Zəkəriyyə Düşüncəli İqdır Universitetinin ədəbiyyat fakültəsində erməni dili və ədəbiyyatı bölümünün açılmasının doğru addım olmadığını açıqlayıb. APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Zəkəriyyə Düşüncəli İqdır Universitetinin rektoru İbrahim Hakkının bununla bağlı açıqlamasını təəccüb və təəssüflə qarşıladıqlarını bildirib. "Biz universitetimizin qardaşımız və qonşumuz Azərbaycanın universitetləri ilə hər istiqamətdə əməkdaşlıq etməyini istəyirik", - deyə Z.Düşüncəli yazılı açıqlamasında qeyd edib. O, İqdır Universitetinin rektoru İbrahim Hakkıya müraciətlə "Bilirik ki, bu günə qədər sizin rektor olduğunuz müddətdə Azərbaycan və digər türk dövlətlərinin universitetləri ilə belə bir əməkdaşlıq edilməyib. Bu gün Ermənistan kimi tanınan dövlətin torpaqlarının yaxın keçmişdə türk torpaqları olduğu bir həqiqətdir. İqdırda oradan zorla köçürülmüş bir çox insan yaşayır. Bölgənin türk mədəniyyəti izlərini ortaya çıxarmaq üçün Türk Mədəniyyəti Araşdırma Mərkəzi qurmağınızı istərdik", - deyə vurğulayıb. Qeyd edək ki, iki həftə əvvəl rektor İbrahim Hakkı İqdır Universitetinin ədəbiyyat fakültəsində erməni dili və ədəbiyyatı bölümünün açılmasını planlaşdırdıqlarını bildirib. O, bunun üçün hətta Ermənistandan müəllim gətirilməsinin mümkünlüyündən də danışıb.
|