Prezidentdən dünya ictimaiyyətinə növbəti çağırış
 |
İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınır, müzakirə mövzusu deyil və heç vaxt olmayacaq!"
Şənbə, 25.12.2010
|
|
"Bütün uğurlu iqtisadi və infrastruktur layihələrinin icrası ilə bərabər, bölgədə sabitlik, sülh, təhlükəsizlik təmin olunmalıdır. Əfsuslar olsun ki, bizim ölkələrimizdə mövcud olan, həllini gözləyən münaqişələr, problemlər, təhdidlər istədiyimizə tam şəkildə nail olmağa imkan vermir". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş 9-cu Sammitindəki çıxışında deyib.
Hər bir ölkənin uğurlu siyasi və iqtisadi inkişafının sabitlik şəraitində mümkünlüyünü qeyd edən dövlət başçısı Azərbaycanda siyasi sabitliyin artıq çoxdandır bərqərar olunduğunu bildirib:
"Ancaq həll olunmamış münaqişələr, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında qalması çox böyük regional təhlükə mənbəyidir. Azərbaycanlılara qarşı Azərbaycanın əzəli torpağı olan Qarabağda və ətraf bölgələrdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınıb, torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır və bu ədalətsizlik uzun illərdir ki, davam edir. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası məsələnin həlli ilə bağlı 4 qətnamə qəbul edib və o qətnamələrdə Ermənistan qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur, hələ də Ermənistan tərəfi bu beynəlxalq hüquq normalarına əməl etmir və işğalçı siyasətini davam etdirir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar buna bənzər qərarlarla çıxış edib. Əlbəttə, bu, məsələnin ədalətli və hüquqi müstəvidə həll olunması üçün çox möhkəm zəmindir. Ancaq biz reallıqda hər hansı irəliləyiş görmürük və Azərbaycan uzun illərdir bu işğaldan əziyyət çəkir. Biz bu vəziyyətlə, əlbəttə, barışmayacağıq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çalışırıq ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə edək. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınır, müzakirə mövzusu deyil və heç vaxt olmayacaq. Həll olunmamış münaqişələr digər tərəfdən iqtisadi inkişafımıza böyük əngəllər yarada bilmədi. Ancaq nəzərə alsaq ki, bu münaqişə olmasaydı, əlbəttə, həm ölkəmizin inkişafı, həm regional əməkdaşlıq məsələləri daha da uğurla və sürətlə həll oluna bilərdi", - deyə Azərbaycan Respublikası Prezidenti vurğulayıb.
Prezident çıxışında onu da qeyd edib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə çox böyük önəm verir: "Biz təşkilatda fəal iştirak edirik və təşkilatın güclənməsi çox müsbət haldır. Mən əminəm ki, gələcəkdə təşkilat dünya miqyasında getdikcə daha önəmli rola malik olacaq.
Bu rol artdıqca, əlbəttə, təşkilata üzv olan ölkələrin imkanları da genişlənəcək".
İ.Əliyev deyib ki, Azərbaycan regional əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət verir və gedən proseslərin inkişafı üçün səylər göstərir. "Konkret layihələrin icra edilməsi sahəsində - həm nəqliyyat, həm enerji sahəsində regionda yeni vəziyyət yaranıb və Azərbaycan çalışır ki, iqtisadi imkanlarını səfərbər edərək, bu genişmiqyaslı əməkdaşlığa daha da böyük töhfələr versin", - deyə dövlət başçısı qeyd edib.
Azərbaycanda iqtisadi proseslərin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayan prezident bildirib ki, son 7 il ərzində ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb: "Yoxsulluq isə 4 dəfə azalıb. Bu bizə imkan verir ki, daha da böyük həcmdə maliyyə resurslarımızı ümumi məqsədlər üçün işə salaq. Beləliklə, regionda gedən iqtisadi əməkdaşlığa daha güclü təkan verilər. Hər bir ölkənin iqtisadi müstəqilliyini təmin etmək üçün, - xüsusilə indiki zəmanədə, - enerji təhlükəsizliyi məsələləri öz həllini tapmalıdır. Azərbaycan bu sahədə öz töhfəsini verir. Zəngin neft-qaz yataqlarımız nəinki ölkəmizin inkişafı, eyni zamanda, regional əməkdaşlıq üçün də müsbət rol oynayır. Azərbaycanın zəngin neft-qaz yataqları bizə imkan verir ki, təbii resurslarımızı qonşu dövlətlərə nəql edək. Bu gün ölkəmizdən dünya bazarlarına aparan yeddi neft və qaz kəməri var. Azərbaycan öz potensialını bu kəmərlər vasitəsilə realizə edir, eyni zamanda, bu, qonşu, qardaş, dost ölkələrin enerjiyə olan tələbatının müəyyən hissəsini ödəməyə imkan verir".
Prezident İ.Əliyev Azərbaycanın etibarlı tərəfdaş olduğunu, öhdəliklərini həmişə yerinə yetirdiyini, bundan sonra da yerinə yetirəcəyini vurğulayıb: "Biz həm təchizatçı, həm də tranzit ölkə, etibarlı tərəfdaş kimi artıq uzun illərdir ki, özümüzü təsdiq etmişik. Əminəm ki, enerji təhlükəsizliyi məsələlərinin uğurlu həlli nəticəsində hər bir ölkə daha böyük inamla inkişaf edəcəkdir. Gələcəkdə dünyada enerji ilə bağlı məsələlər daha ciddi müzakirə mövzusu olacaq. Bunu nəzərə alaraq, deyə bilərik ki, enerji təchizatçısı kimi Azərbaycan növbəti illərdə də öz müsbət rolunu oynamağa hazırdır".
Dövlət başçısı qeyd edib ki, bununla bərabər, nəqliyyat sektorunda gedən proseslərə Azərbaycan çox müsbət yanaşır: "Bizim icra etdiyimiz layihələr bölgədə yeni nəqliyyat infrastrukturunun yaranmasına gətirib çıxarıb. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmizin coğrafi vəziyyəti bizə imkan verir ki, hər istiqamətdə öz müsbət rolumuzu artıraq. Bu gün bölgədə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində yeni "Dəmir İpək yolu"nun bərpası mümkün olacaq".
Prezident vurğulayıb ki, bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirəcək, eyni zamanda, Avropanı Asiya ilə birləşdirəcək: "Beləliklə, iqtisadi səmərə baxımından bu yolun çox böyük önəmi olacaq. Biz bu layihədə çox fəal iştirak edirik. Ümid edirik ki, bu yolun tikintisi yaxın zamanlarda başa çatacaq və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr də bu imkanlardan, əlbəttə, istifadə edəcəklər".
İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatında bundan sonra da fəal iştirak edəcək: "Biz təşkilatın güclənməsinə töhfəmizi verməyə davam edəcəyik. Bu təşkilat artıq böyük beynəlxalq təşkilata çevrilibdir və əziz qardaşım, Türkiyənin prezidenti Abdullah Gülün təklifinə də çox müsbət baxıram ki, təşkilatın Bankına əlavə üzvlərin qoşulması müsbət hal kimi qiymətləndirilir. Azərbaycan öz tərəfindən Banka tamhüquqlu üzv olmaq, səhmdar olmaq üçün bu dəvətdən istifadə edəcək".
|
|
|
Oxşar xəbərlər:
Hərbi səneye müəssisələrinin açılışı olub
Bu il maaş və pensiyalar artacaq
Maaşlar artırılacaq
Milli mətbuatımızın 135 illik yubileyi qeyd olunacaq
Prezident Lənkəranda və Lerikdə idi
|
|
|