Regional Sabitlik və Təhlükəsizlik (RST) mərkəzi Gürcüstanda ictimai-siyasi vəziyyətlə bağlı 2010-cu ilin yekunlarına dair apardığı araşdırmaların nəticələrini açıqlayıb. Mərkəzdən "Ayna"ya bildirilib ki, Gürcüstan beynəlxalq təşkilatlardan və demokratik institutlardan kifayət qədər dəstək almasına baxmayaraq, ölkədə ictimai-siyasi vəziyyəti sabitləşdirə bilməyib. Ölkənin sosial problemləri arasında ən öndə gedən işsizlikdir və bu problem üzrə heç bir nəticə əldə olunmayıb.
"Əyalət insanı fərdi təsərrüfat və heyvandarlıqla öz maddi güzəranlarını müəyyən dərəcədə təmin edə bilsələr də, şəhər sakinləri belə bir şansdan məhrumdular. Bunun nəticəsidir ki, bir çox gürcü siyasətçilər və ekspertlər ölkədəki mövcud gərginliyin qısa bir zaman kəsiyində öz həllini tapmayacağı təqdirdə növbəti inqilabın baş verəcəyini proqnozlaşdırır", - deyə RST-dən bildirilib.
Mərkəzin apardığı araşdırmanın nəticələrinə görə, hökumət sosial problemlər burulğanında boğulan vətəndaşların vəziyyətini yaxşılaşdırmaq əvəzinə, əlavə vergilərin ödənməsi barədə göstərişlər verməklə vəziyyəti bir qədər də qəlizləşdirir. Hökumət içməli su və bələdiyyə nəqliyyatında gediş haqqı tariflərini artırıb. Bu isə əhalinin etirazına səbəb olub. Bununla kifayətlənməyən hökumət digər sahələrdə də tarifləri artıracağı barədə bəyanatlar səsləndirib.
Mərkəz hesab edir ki, Gürcüstanda ictimai-siyasi vəziyyətin gərginləşməsi, işsizlik probleminin yüksək nöqtəyə çatması və hökumətin torpaq və bələdiyyə vergilərini artırmaq siyasəti digər millətlərlə yanaşı, soydaşlarımıza da ciddi təsir göstərəcək. Mərkəzin məlumatına əsasən, 2011-ci ildə Gürcüstan vətəndaşlarının Azərbaycana axını 2010-cu ilə nisbətən daha çox olacaq. Hazırda Azərbaycanda 350 minə yaxın Gürcüstan vətəndaşı qeyri-rəsmi olaraq müxtəlif biznes sahələrində təmsil olunur ki, onların da 60 faizi milliyyətcə azərbaycanlılardır. Mərkəz hesab edir ki, əgər Gürcüstan hökuməti vətəndaşların güzəranının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmasa, 2011-ci ildə Gürcüstandan Azərbaycana insan axınının sayı daha bir neçə yüz min nəfər artacaq.
|