Bəlli olduğu kimi, Milli Məclisin 21 dekabr iclasında prezidentlər İlham Əliyev və Abdulla Gülün avqustun 16-da Bakıda imzaladıqları "Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə təsdiqlənib. Müqavilə "Hərbi - siyasi və təhlükəsizlik məsələləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri", "İqtisadi əməkdaşlıq məsələləri", "Humanitar məsələlər", "Ümumi və yekun müddəalar" bölmələrindən, ümumilikdə 23 maddədən ibarətdir.
Sənəddə əksini tapan müddəalara əsaslansaq, yaxın perspektiv üçün Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prioritet olaraq seçilib.
Nə işlər görülə bilər? Müşahidələr və əldə olunan bilgilər onu deməyə əsas verir ki, yaxın perspektivdə Azərbaycanla Türkiyə arasında hərbi sahədə münasibətləri tənzimləyən yeni format - Ali Hərbi Şura yaradıla bilər. Bu qurumda Azərbaycanın və Türkiyənin müxtəlif güc strukturlarının nümayəndələri təmsil olunacaq. Qurumun toplantılarının növbəlilik prinsipi üzrə Ankara və Bakıda keçirilməsi mümkündür. Eyni zamanda indiyədək iki ölkə arasında müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığı nizamlayan bir sıra sənədlərdə dəyişiklik də mümkündür.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ehtimalına görə, yaxın perspektivdə bir sıra işlərin görülməsi gözlənilir:
Müdafiə Nazirliyi sistemi üzrə:
- Hərbi əməkdaşlığın gücləndirilməsi üzrə yeni sənədlər imzalanacaq, Azərbaycan və Türkiyə arasında SQ üzrə əlaqələr daha da güclənəcək,
- SQ üzrə müxtəlif sənədlərin, nizamnamələrin yeniləşdirilməsi işinə yardım göstəriləcək,
- Türkiyənin Azərbaycandakı hərbi təlimatçılarının (xüsusilə hərbi məktəblərdə) sayı artırılacaq, Azərbaycandakı bir sıra hərbi hissələrin idarə olunması işində türk hərbçilərin roluna üstünlük veriləcək, Müdafiə Nazirliyində yüksək vəzifə tutan şəxslərdən bəziləri Türkiyə SQ-in nümayəndələrindən ibarət ola bilər,
- SQ-in döyüş hazırlığının gücləndirilməsi üzrə keçirilən təlimlərdə Türkiyə hərbçilərinin iştirak səviyyəsi artırılacaq, 2011-ci ildən başlayaraq Türkiyə və Azərbaycan arasında müxtəlif qoşun növləri üzrə daimi təlimlərin keçirilməsinə başlanılacaq,
- 2011-ci ildən başlayaraq Türkiyənin ali hərbi məktəblərində təhsil alan azərbaycanlıların sayı tədricən artırılacaq.
DİN Daxili Qoşunları üzrə:
- Türkiyə SQ Azərbaycan DİN Daxili Qoşunlarının jandarm sisteminə keçidinə dəstəyini davam etdirəcək,
- Türkiyə Daxili Qoşunların təhsil, maddi-texniki təminat məsələlərində dəstəyi artıracaq,
- Kadr təminatı və təhsilin inkişafı üzrə ciddi dəstək göstəriləcək,
- Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yardım göstəriləcək.
Müdafiə sənayesi üzrə:
- Türkiyə müdafiə sahəsində Azərbaycanın imkanlarının artırılmasına təcrübə və ekspert yardımını gücləndirəcək, Türkiyə Azərbaycanın müdafiə sənayesinə kadr təminatı ilə bağlı ciddi dəstək göstərə bilər,
- Azərbaycan SQ-in istifadəsində olan silah-sursat və hərbi texnikanın yeniləşdirilməsində və müasirləşdirilməsində, Azərbaycanın rus silahı bazarından çıxarılmasında Türkiyənin rolu artacaq. Bu prosesə NATO tərəfinin dəstəyi mümkündür,
- Türkiyədə istehsal olunan bir sıra mövcud müdafiə məhsullarının Azərbaycanda birgə istehsalı üzrə səylər artırıla bilər.
Müşahidələr onu deməyə əsas verir ki, yaxın perspektivdə iki ölkə arasındakı hərbi əməkdaşlıq diqqət çəkən dərəcədə güclənəcək. Bu istiqamətdə ilkin addımlar qarşılıqlı səfərlərin intensivləşməsi olacaq. "Ayna"ya daxil olan məlumata görə, 2011-ci ilin yanvar-fevral aylarında tərəflərin qarşılıqlı səfərləri başlayacaq. İlk olaraq Azərbaycan güc strukturlarının nümayəndələrindən ibarət heyətin Ankaraya rəsmi səfəri gözlənir.
Yeri gəlmişkən, Türkiyə Jandarm Baş Komandanlığının yüksəkrütbəli zabitlərindən ibarət heyət dekabrın 21-24-də Bakıda səfərdə olub (APA).
Türkiyə heyətinə Jandarm Baş Komandanlığının Əməliyyatlar İdarəsinin rəisi, general-leytenant Hüseyn Güclü başçılıq edib. Heyətdə Jandarm Komandanlığının müxtəlif strukturlarında yüksək vəzifələrdə çalışan general-mayor İbrahim Aydın, albaylar Hacı İlbaş və Hacı Ay təmsil olunub.
Səfər çərçivəsində Daxili Qoşunların təlim və tədris prosesi ilə maraqlanan türkiyəli zabitlər Daxili Qoşunların DİN-in mühüm strukturlarından biri kimi dinamik inkişaf etməsindən məmnun qaldıqlarını bəyan ediblər.
Heyətdə təmsil olunan zabitlərin hamısı vaxtı ilə Azərbaycanda DQ komandanının müşaviri vəzifəsində çalışıblar. Belə ki, H.Güclü 2000, N.Ay 2003, İ.Aydın 2006, N.İlbış isə 2009-cu ildə DQ komandanının müşaviri olublar.
|