Hal-hazırda Ayna qəzetinin 25.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
NATO-nun yeni tərəfdaşlıq siyasəti
NATO-nun yeni tərəfdaşlıq siyasəti
Növbəti onillik yeni şərtlər diktə edəcək
Şənbə, 25.12.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Noyabrın 19-20-də Lissabonda NATO dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvlərinin müdafiəsi və təhlükəsizliyi üçün Strateji Konsepsiya özünün bir sıra müddəalarına görə çox diqqət çəkir. Xüsusilə də bu sənəddə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər alyansla uzunmüddətli tərəfdaşlıq münasibətlərinə malik ölkələr üçün daha maraqlıdır.

NATO ilə tərəfdaşlığın müsbət və mənfi məqamları

İndiyə kimi NATO-nun tərəfdaş ölkələrlə münasibətləri hansı üstün cəhətləri ilə yadda qalıb?

1. NATO tərəfdaşları müəyyən məsələlərdə milli təhlükəsizlik problemlərini həll etməyə qadir olublar. NATO-nun 5 qitədən 50-dən artıq tərəfdaşı alyansla əməkdaşlıq və ikitərəfli münasibətlər səviyyəsində öz müdafiə və təhlükəsizlik sektorunda müəyyən islahatlara nail olublar. Bir sıra tərəfdaş ölkələr bir qədər də irəli gedərək demokratiya, iqtisadi, elm sahəsində də ciddi nailiyyətlər əldə ediblər,

2. NATO tərəfdaşları Yer kürəsinin müxtəlif hissələrində alyansdan olan müttəfiqlərlə birgə sabitləşdirici əməliyyatlarda iştirak ediblər, müxtəlif regionlarda sülhün və sabitliyin təmin olunmasına töhfə veriblər.

Sözsüz ki, NATO tərəfdaşlığının müxtəlif pozitiv məqamları ortadadır və bir sıra istiqamətlər üzrə mövcud nailiyyətlər diqqəti çəkir. Xüsusilə də IPAP sənədi tərəfdaşların NATO ilə əməkdaşlığında irəliyə doğru bir addım oldu. Bu sənəd çərçivəsində alyansın bir sıra tərəfdaşları, xüsusilə Azərbaycan, Gürcüstan, Ermənistan kimi ölkələr müdafiə və təhlükəsizlik sektorunda ciddi islahatlar həyata keçirmək öhdəliyi götürüblər.

Amma NATO-nun tərəfdaşlarla münasibətində indiyə qədər sezilən bir sıra məqamlar var ki, onları qeyd etməmək olmur:

- birincisi, indiyə kimi tərəfdaş ölkələrin NATO ilə tərəfdaşlığında mövcud olan bəlli prosedur artıq bir sıra hallarda nailiyyət qazanmır;

- ikincisi, NATO ilə bir sıra tərəfdaş ölkələr arasında olan münasibətlərə üçüncü ölkənin mövcud və perspektiv təsir və təzyiqlərinin aradan qaldırılmasına dair mexanizmlər hələlik işlənilməyib;

- üçüncüsü, NATO ilə əməkdaşlıq münasibətlərində olan ölkələrin üzərlərinə götürdükləri hərbi-siyasi öhdəliklərin yerinə yetirilməsinə nail olunması ilə bağlı səmərəli fəaliyyət mexanizmi ortada yoxdur;

- dördüncüsü, NATO-nun tərəfdaş ölkələrin ərazilərində olan dondurulmuş münaqişələrə münasibəti yetərincə deyil;

- beşincisi, tərəfdaş ölkələrin enerji layihələrinin müdafiəsi ilə bağlı NATO-nun daha fəal siyasət yürütməsi istənilir.

Son illərdə daha çox yayılmış və təbliğ olunan prosesə görə, istənilən tərəfdaş ölkənin son hədəfi Alyansa üzvlükdür və ya belə olmalıdır. Bu məsələ Azərbaycana tez-tez səfərlər edən NATO rəsmiləri üçün artıq maraqlı və maraqlı olduğu qədər də baş ağrıdıcı jurnalist sualına çevrilib. Hər zaman NATO rəsmilərinə suallar verilir ki, misal üçün, Azərbaycan nə zaman NATO üzvü olacaq, alyans rəsmilərinin də bəlli bir cavabı ortada olur, bu sualı lütfən öz rəsmilərinizə ünvanlayın. Bu proses, yəni eyni sual və eyni cavab uzun illərdir davam edir.

Bu vəziyyət ondan qaynaqlanır ki, NATO ilə tərəfdaş ölkələr arasında mövcud olan əlaqə mexanizmləri həqiqətən də tərəfdaşı son nəticədə NATO üzvlüyünə hazırlayırdı. Misal üçün, IPAP sənədi, ardınca İntensiv Dialoq və Üzvlük Fəaliyyət Planı. Daha sonra isə NATO-ya üzvlük. Bu proses doğrudan da diqqətçəkən idi və Rusiya tərəfinin bu prosesə təpkiləri getdikcə artırdı. 2008-ci ilin avqustunda Gürcüstanla baş verən münaqişə, Ukraynada baş verən proseslər NATO-nun Şərqə doğru genişlənmə planının bir sıra ölkələr tərəfindən həzm edilməməsi reallığını ortaya çıxarırdı.

REKLAM

Bu proses getdikcə daha çox münaqişə vəziyyətinin yaranmasına səbəb ola bilərdi. Aydındır ki, tərəfdaşlarla münasibətlərin daha müasir qaydalara uyğunlaşdırılması və bu prosesin qarşılıqlı fayda verməsi əsas hədəf olaraq göstərilməli idi.

Yeni onillikdə NATO bu məsələnin üzərində ciddi düşünməlidir, bəlkə də mövcud sənəd və planların mahiyyətində dəyişiklik edilməsinə, ya da ümumilikdə NATO ilə tərəfdaşlar arasında münasibətləri nizamlayan yeni sənədlər sisteminin tətbiq olunmasına ehtiyac yaranıb.

NATO-nun tərəfdaşlarla münasibətlərində mövcud olan əsas problemlərdən biri də üçüncü ölkənin müdaxiləsi reallığının aradan qaldırılmamasıdır. Doğrudan da, əgər hər hansı ölkə özünün təhlükəsizliyini Avroatlantik məkanda görmək istəyirsə, bu onun üçün müasir, demokratik, təhdidlərə cavab verəcək islahatlar perspektivi yaradırsa, eyni zamanda həmin dövlətin mövcudluğu üçün ciddi təhlükə mənbəyi də yaranırdı. Alyansın isə bu istiqamətdə hər hansı ciddi təsir və təzyiq rıçaqlarının olmadığı günün əsas reallıqlarındandır.

Öhdəliklər necə yerinə yetirilməli?

Növbəti vacib məsələ - NATO - ilə əməkdaşlıq münasibətlərində olan ölkələrin üzərlərinə götürdükləri hərbi-siyasi öhdəliklərin yerinə yetirilməsinə nail olunması ilə bağlı səmərəli fəaliyyət mexanizmi ortada yoxdur. Əgər müqayisə edilsə, görünər ki, misal üçün, Azərbaycan kimi tərəfdaş ölkənin NATO ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü öhdəliklər Avropa Şurası ilə müqayisədə daha çoxdur. Amma reallıqda isə Avropa Şurasından fərqli olaraq Alyans (və ya Avroatlantik Tərəfdaşlıq Şurası) bu islahatların yerinə yetirilməsi prosesinə hər hansı şəkildə təsir və ya təzyiq göstərə bilmir. Düzdür, bununla bağlı fərqli fikirlər ortada ola bilər, amma reallıq ondan ibarətdir ki, bir sıra tərəfdaş ölkələr, o cümlədən Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü öhdəliklərin bir çoxunun yerinə yetirilməsini gecikdirir. Bu öhdəliklərdən bəzilərini bu günlərdə NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə yeni xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan mətbuatına müsahibəsində də bildirib.

NATO-nun dondurulmuş münaqişələrə münasibəti konkret olmalıdır

NATO-nun tərəfdaş ölkələrlə münasibətlərində daha bir problem Alyansın dondurulmuş münaqişələrə münasibəti ilə bağlıdır. Bəllidir ki, Alyans rəhbərliyi bu münaqişələrin nizamlanma prosesinə qarışmadığını bəyan edir və problemin həlli üzrə mövcud fəaliyyət qurumlarının səylərini dəstəklədiyini bildirir. Amma NATO-nun bu məsələ ilə bağlı mövqeyində dəyişiklik edilməsinə ehtiyac var. Əgər alyans dünyada təhlükəsizliyin təminatı məsələsini özünün əsas hədəflərindən biri kimi tanıyırsa, onda dondurulmuş münaqişələrin həll mexanizmlərinə də müdaxilə etməlidir.

Yeni Strateji Konsepsiyada qeyd edilir ki, NATO özünün təhlükəsizliyinə təsir edən yerdə davamlı münaqişələri dayandırmaq və Avroatlantika təhlükəsizliyinə yardım edən münaqişədən sonrakı vəziyyətlərdə sabitliyin gücləndirilməsinə yardım üçün bu siyasi və hərbi vasitələrin müvafiq vəhdətini aktiv şəkildə tətbiq edəcək. Məsələnin belə qoyuluşu, fikrimcə, alyansın münaqişələrin nizamlanmasında rolunu artırmalıdır.

Yeni sənəddə diqqət çəkən məqamlar

NATO-nun Yeni Strateji Konsepsiyası ilə bağlı nə demək olar? 38 maddədən ibarət bu sənədin müddəalarının bir çoxu əslində tərəfdaşlarla münasibətlərə toxunur. Xüsusilə də NATO-nun qarşıdakı onillikdə bütün dünyadakı tərəfdaşları ilə daha çox siyasi iş aparmaq niyyəti və tərəfdaşların yardım etdiyi NATO tərəfindən həyata keçirilən əməliyyatların formalaşmasında rolunun artırılması diqqət çəkir.

Bu da onu əvvəlki sənəddən fərqləndirən əsas cəhətlərdən biridir. Əgər alyansın 1999-cu ildə qəbul etdiyi Strateji Konsepsiya daha çox "NATO alyans üzvləri üçündür" tezisinə əsaslanırdısa, yeni sənədi "NATO eyni zamanda tərəfdaşlar üçündür" kimi xarakterizə etmək olar. Sənədin "Tərəfdaşlıq" adlı hissəsindən bəlli olur ki, NATO qarşıdakı 10 ildə tərəfdaşlarla dialoq və əməkdaşlığa, beynəlxalq təhlükəsizliyin inkişafına, alyansın əsaslandığı dəyərlərin qorunmasına, NATO əməliyyatlarında, NATO üzvlüyündə maraqlı olan xalqların hazırlanmasına konkret yardım göstərə bilər. Bu əlaqələr qarşılıqlı münasibətlərə, qarşılıqlı mənfəətə və qarşılıqlı hörmətə əsaslanacaq.

Sənəddə qeyd olunur ki, "Alyans hər hansı tərəfdaş ölkə ilə ümumi təhlükəsizlik məsələləri haqqında müzakirəyə açıq olacaq". Bu maddə çox mühümdür və tərəfdaşlığın irəliləməsi üçün imkanlar yaradır. Amma NATO ilə tərəfdaş ölkə arasındakı müzakirə masası ötən 10 ildəki prosesdən fərqli olmalı, qarşılıqlı niyyətləri əks etdirən və bu istiqamətdə konkret iradəni göstərən detallara əsaslanmalıdır. Əgər hər hansı ölkə tərəfdaşlıq prosesi çərçivəsində müəyyən siyasi - hərbi islahatlar öhdəliyi götürübsə, NATO bu prosesin maksimum reallaşmasında müəyyən təsir rıçaqları əldə etməlidir.

Sənəddə qeyd olunur ki, "NATO əməliyyat üzrə tərəfdaşlara onların yardım etdiyi NATO missiyaları üzrə strategiya və qərarların formalaşdırılmasında struktur vəzifə həvalə edəcək". Doğrudan da bu çox mühüm məsələdir. Əldə edilən məlumata görə, Alyansda tərəfdaşların sülhyaratma əməliyyatlarında, xüsusilə bu əməliyyatlarla bağlı qərarvermə prosesində rolunun artırılması ilə bağlı xüsusi mexanizm hazırlanır və gələn ilin aprelinə qədər bu proses tamamlanmalıdır. Doğrudan da əgər tərəfdaş ölkə NATO müttəfiqləri ilə eyni əməliyyatlarda iştirak edirsə, eyni ziyanı, itkini bölüşürsə, niyə o, bu əməliyyatlar barədə qərarların qəbuledilmə prosesində iştirak etməsin? Hesab etmək olar ki, NATO-nun bu istiqamətdə niyyəti çox fərqli situasiya yaradacaq və tərəfdaşlıq siyasətinin güclənməsinə öz müsbət təsirini göstərəcək. Amma eyni zamanda bir sıra regional problemlərin, münaqişələrin həllində NATO daha çox həmin regiondan olan tərəfdaşların dəstəyinə arxalanmalıdır.

NATO-Rusiya əlaqələri sual altında

Yeni sənəddə əksini tapan bir sıra müddəalar NATO - Rusiya əməkdaşlığının strateji əhəmiyyəti ilə bağlıdır ki, bu da bir sıra tərəfdaş ölkələr üçün vacibdir. Sənəddə qeyd olunur ki, NATO Rusiya üçün heç bir təhlükə yaratmır. Əksinə, NATO və Rusiya arasında əsl strateji əməkdaşlıq görmək arzusu ortaya qoyulur. NATO qarşıdakı dövrdə Rusiya ilə qarşılıqlı əlaqə ümidi ilə müvafiq şəkildə fəaliyyət göstərmək niyyətindədir. Vurğulanır ki, NATO - Rusiya əlaqəsi xüsusilə Avroatlantika ərazisindəki bütün dövlətlərin demokratik prinsipləri və suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü haqqında NATO - Rusiya Əsasnaməsinin məqsədləri, prinsipləri və öhdəliklərinə əsaslanır. Xüsusi məsələlər üzrə müxtəlifliklərə baxmayaraq NATO və Rusiyanın təhlükəsizliyinin birləşdirilməsinə dair əminlik istəyi ortaya qoyulur.

Amma Rusiyanın bu ilin fevralında təsdiq etdiyi Hərbi Doktrinanın müddəalarına baxıldıqda bu prosesin özünün sual altına düşəcəyi ehtimalı yaranır. Rusiyanın məhz qarşıdakı 10 il üçün nəzərdə tutulmuş Hərbi Doktrinasında NATO siyasətinin Rusiyanın təhlükəsizliyinə təhdid olmasına dair xüsusi müddəalar əksini tapır.

NATO Rusiya ilə dialoqu gücləndirməli və konkret istiqamətlər üzrə konkret nəticə əldə edilməsinə çalışmalıdır. Xüsusilə də NATO Rusiya qarşısında dövlətlərin təhlükəsizlik məkanı seçimi azadlığına hörmət edilməsi tələbini qoymalıdır. Ümid etmək olar ki, qarşıdakı onillikdə Rusiya postsovet məkanı ölkələrinin, onların ictimaiyyətlərinin azad seçim hüquqlarına hörmət edəcək. Amma təəssüf ki, müsbət tendensiyalar hələlik ortada yoxdur.

Rusiya ilə münasibətlərin qaydaya salınması eyni zamanda ona görə vacibdir ki, qarşıdakı 10 ildə NATO "Açıq qapı" siyasətini davam etdirsin. Təəssüf ki, vəziyyətin indiki gedişi, misal üçün, yaxın perspektivdə Gürcüstanın NATO-ya üzvlüyünə Rusiyanın təsirinin azaldılacağını ümid etməyə imkan vermir. Bu, NATO-nu ciddi düşündürməlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Etimad İsmayılov 9 il iş aldı

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"

Fransalı senator qaçqınlarla görüşüb

Ureki: "Rumıniya Azərbaycana yardımçı ola bilər"

Bölmənin digər xəbərləri
 
ATƏT-in 2011-ci il büdcəsi təsdiqlənib
ATƏT-in Daimi Şurası təşkilatın 2011-ci il üçün büdcəsini təsdiqləyib.

AB Azərbaycanın notasına bazar ertəsi cavab verəcək
Qurumdan nümayəndəsinin işğal altında olan ərazilərə səfəri barədə tədbirlər görməsi tələb edilir

Azərbaycan Türkiyə və İranla strateji format yaradır
Regional problemlər mütəmadi müzakirə masasına çıxarılacaq

Rusiyalı demokratlardan əməkdaşlıq mesajı
Müsavat MDB ölkələrinin siyasi çevrələri ilə əlaqələrini kəsməyib

Orduda hansı dəyişikliklər olacaq?
Azərbaycan - Türkiyə müqaviləsi yeni hədəflər yaradıb

Gürcüstanda inqilab təhlükəsi?
Belə bir proqnoz var

Səfir təyinatının uzanması yaxşı hal deyil
Vaşinqton ilyarımdır bu problemi həll edə bilmir

Uzunömürlü siyasi birliklər qurmaq olar
Məsələn, "Qarabağ" seçki bloku...

Prezidentdən dünya ictimaiyyətinə növbəti çağırış
İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınır, müzakirə mövzusu deyil və heç vaxt olmayacaq!"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər