Kooperativlər yenidən aktuallaşır
 |
Bəs hökumət - buna hazırdırmı?
Şənbə, 25.12.2010
|
|
Əhalinin böyük bir hissəsi onlara verilən pay torpaqlarını əkib-becərə bilmir və ya torpaqdan lazımi qazanc götürmür. MM aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Mediaforum"a açıqlamasında vəziyyətdən çıxış yolunu kooperativlər yaratmaqda görür: "Birinin torpağı, digərinin texnikası, başqa birinin isə pulu olar və güclərini bir yerə toplayıb təsərrüfat yaradar, qazanc götürərlər". Bunun hüquqi əsası olan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi artıq parlamentdə müzakirə olunmaqdadır.
Mütəxəssislər bildirirlər ki, aqrar sektorun hazırkı durumu kooperasiyalaşmanı zəruri edir. Aqrar məhsulların 95 faizindən çoxu ev təsərrüfatlarında formalaşır. Fermer təsərrüfatları isə əfsuslar olsun ki, yox səviyyəsindədir. Orta hesabla bir ev təsərrüfatına 1,5-2 hektar becərilən torpaq sahəsi düşür. Halbuki dünya ölkələrinin təcrübəsi göstərir ki, fermerlərin sərəncamında 10-15 hektardan az torpaq olduqda həmin təsərrüfatlar rentabelli işləyə bilmir, onların bazar və ixrac yönümlü məhsul istehsalını təşkil etmək potensialı aşağı olur. Kooperasiyalaşma mexanizmi vasitəsi ilə sayı 800 minə çatan kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının konsolidasiyası son dərəcə vacibdir.
İstehlak koopertivləri ilə yanaşı, istehsal yönümlü strukturların formaşdırılması da son dərəcə mühümdür. Qonşularımızdan Qazaxıstan və Rusiya xeyli müddətdir koopersiyalaşma ilə bağlı zəruri hüquqi baza formalaşdırıblar.
İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, indi dünyada mövcud olan kənd təsərrüfatı kooperativləri ilə sovet kolxozlarını eyniləşdirmək yanlışdır. Kolxozlar xüsusi mülkiyyətə əsaslanmırdı və administrativ qaydada formalaşdırılmışdı. Eyni zamanda həmin qurumlar mərkəzləşdirilmiş iqtisadi sistem qarşısında şərt - plan öhdəlikləri daşıyırdı və dövlətin inzibati-idarəetmə sisteminin bir elementi idi. Bazar münasibətləri şəraitində fəaliyyət göstərən kooperativlər isə üzvlərin tam könüllüyünə əsaslanır, bütün yerdə qalan özəl təsərrüfat subyektləri kimi dövlətlə bu qurumları bir-birinə yalnız vergi öhdəlikləri bağlayır.
İki fərqli forma
İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperativlərinin 2 fərqli forması fəaliyyət göstərir. Birinci forma istehsal kooperativləridir və aqrar istehsalın vahid müəssisə çərçivəsində təşkilini nəzərdə tutur. Təcrübə göstərir ki, kiçik ölçülü fermer təsərrüfatlarının və şəxsi ev təsərrüfatlarının aqrar sektorda dominantlıq qazandığı şəraitdə bu kooperativlər istehsalın səmərəliliyini yüksəltmək üçün mühüm iqtisadi alət rolunda çıxış edə bilir. Bu halda eyniprofilli, məsələn, taxıl, ət və ya süd istehsalı üzrə ixtisaslaşmış, amma pərakəndə fəaliyyət göstərən xırda istehsalçılar əmlaklarını və maliyyə resurslarını kooperativ müəssisə çərçivəsində birləşdirirlər.
Lakin hər bir üzv nizamnamənin şərtlərinə uyğun olaraq istədiyi anda əmlakını geri çəkməklə müstəqilləşə də bilir.
İkinci forma istehlak kooperativləridir. Ayrı-ayrı ölkələrin təcrübəsində bu kooperativlər istehsal mərhələsi istisna olmaqla məhsulun saxlanması, tədarükü, emalı və satışı mərhələsinin hər biri üzrə ayrılıqda və ya birlikdə yaradılır. Məsələn, emal kooperativləri yalnız son məhsulun hazırlanması, satışla məşğul olanlar məhsulların çeşidlənməsi, qablanması və satışı, xidmət üzrə ixtisaslaşanlar meliorasiya, veterinar, bitki mühafizəsi kimi xidmətlərin çatdırılması ilə məşğul olur. Məsələn, süd emalı ilə məşğul olan bir neçə fermer təsərrüfatı eyni kooperativdə birləşir və onların özlərinə məxsus emal müəssisəsi olur.
İqtisadçı deyir ki, hazırda aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş ölkələrin hamısında kənd təsərrüfatı sektoru yüksək kooperasiyalaşma səviyyəsinə malikdir. Məsələn, Danimarka həm əhali sayına, həm də kənd təsərrüfatına yararlı torpaqların həcminə görə Azərbaycandan 2 dəfə, kənd təsərrüfatı sektorunda çalışanların sayına görə isə 13 dəfə geri qalır. Amma bu ölkənin aqrar istehsalının indiki həcmi Azərbaycandan iki dəfə böyük olan ölkənin kənd təsərrüfatı məhsullarını 100 faiz ödəməyə çatır.
Danimarka - örnək
Danimarka aqrar məhsulların ixrac həcminə görə dünyanın 15 ölkəsi sırasında yer alır. Bu ölkə dünyanın nadir ölkələrindəndir ki, aqrar istehsalının 80 faizə qədəri ixraca yönəlir. "Heç şübhəsiz, bu inkişafın əsas səbəblərindən biri son yüzildə Danimarkada aqrar sektorun tam kooperasiya münasibətlərinə keçididir. Ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı istehlak kooperativlərində birləşiblər. Həmin kooperativlər əsasən süd və ət emalı üzrə ixtisaslaşıb. Kooperativlərə üzv olan fermerlər öz məhsullarını məhz onların nəzdində fəaliyyət göstərən zavodlara satmaq öhdəliyinə malikdirlər. Bu həm də məhsulun fermerdən alınacağına dair təminat mexanizminin yaradılması deməkdir", - deyə R.Ağayev vurğuladı. O əlavə etdi ki, oxşar misalları başqa ölkələrin timsalında da görmək olar. Məsələn, süd istehsalının Kanadada 50, İsveçdə 80, Niderland və Almaniyada isə 35 faizi kooperativlər tərəfindən realizə olunur.
Lakin ekspertin fikrincə, hökumət kooperativlərin yaradılmasına gedirsə, kooperasiya qanununa qədər başqa vacib qanunları da qəbul etməlidir. R.Ağayev onu da vurğuladı ki, kənd təsərrüfatı istehsalçılarının kredit kooperativlərinə dair hüquqi mexanizmlərin yaradılmasına da ehtiyac var:
"Xarici təcrübədə bu cür ittifaqlar üzvlərinin və dövlətin maliyyə dəstəyi ilə formalaşır, əsasən maliyyə-kredit institutlarına çıxışı olmayan xırda istehsalçıların maliyyə resurslarına olan tələbatını ödəyir. Qərbdə bu qurumlara kredit kassaları da deyirlər. İnkişaf etmiş ölkələrin az qala hər kəndində belə kassalar mövcuddur. Onlar rəqabət mühitində xırda fermerlərin iri kapitallı təsərrüfatlar tərəfindən udulmasına qarşı peyvənd rolunda çıxış edir".
İqtisadçı Azərbaycan gerçəkliyində kənd təsərrüfatı kooperativlərinin effektiv işləməsi üçün daha 3 problemin həllini vacib sayır: "Əvvəla, dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə bütün fermerlərin eyni dərəcədə çıxışı olmalı, həmin torpaqlardan istifadə üzərində ictimai nəzarət imkanları genişləndirilməlidir".
İkinci problem odur ki, aqrar məhsulların ixrac qabiliyyətliyinin artırılması üçün analoji məhsulların idxalına olan gizli maraqlar zərərsizləşdirilməlidir. Nəhayət, fermerlərin maraqlarını müdafiə edən və hökumətin aqrar sahə ilə bağlı qərarlarına təsir imkanları olan müxtəlif birliklərin yaradılması dəstəklənməlidir:"Məsələn, bir çox ölkələrdə xırda torpaq mülkiyyətçilərinin, iri torpaq sahiblərinin, süd, ət, taxıl, meyvə istehsalçılarının hər birinin ayrıca assosiasiyaları fəaliyyət göstərir. Hökumət hər il bu qurumlarla rəsmi aqrar sazişlər imzalayır. Həmin sazişdə hökumətin aqrar sektorun problemlərinə dair dəqiq öhdəlikləri müəyyən olunur. Əgər belə mexanizmlər olmayacaqsa, kooperativlərin yaradılması vəziyyəti dəyişməyəcək".
|
|
|
Oxşar xəbərlər:
Büdcə-2011: yük yenə də Neft Fondunun boynunda
|
|
|