Azərbaycan özünün ən istedadlı və perspektivli idmançılarından birini itirə bilər. Belə ki, yüngül atletika üzrə yığmamızın lideri, sprinterçi Ramil Quliyev milli komandada çıxış etməkdən boyun qaçırıb. Atlet Türkiyə vətəndaşlığını qəbul edərək, qardaş ölkənin yığmasının şərəfini qorumaq niyyətindədir.
Bəs Avropanın ən yaxşı sprinterlərindən biri olan həmyerlimizin Türkiyə bayrağı altında çıxış etmək istəməsinə nə səbəb olub? Məsələ bundadır ki, qaçışçımız hələ yayda Türkiyənin "Fənərbaxça" klubu ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, atlet yarım il İstanbul klubunun şərəfini qoruyub. İlin sonunda idmançının vətənə qayıdacağı gözlənilsə də, bu baş verməyib. Belə ehtimal edilir ki, o, nəinki Azərbaycana qayıtmayacaq, hətta bundan sonra Azərbaycanın şərəfini qorumayacaq.
Söz yox ki, qaçışçımızın bu qərarında maliyyə məsələsi əsas rol oynayıb. "azerisrort.com" saytının yazdığına görə, Ramil Azərbaycan yığmasında çıxış etdiyinə görə 15 000 dollar alır. Türkiyədə isə onun 200 min alacağı güman edilir. İdmançımıza üstəlik ev və maşın da vəd edilib.
Milli federasiyada ümid edirlər ki, Ramil ilin sonuna kimi Bakıya qayıtmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi ciddi addımlar atacaq. Federasiyamızın ərizə ilə beynəlxalq federasiyaya müraciət edəcəyi təqdirdə, Ramil Quliyev 3 il beynəlxalq yarışlarda çıxış hüququndan məhrum ediləcək. Xatırladaq ki, Ramil beynəlxalq arenada Azərbaycanın şərəfini sonuncu dəfə 2009-cu ilin avqust ayında qoruyub.
Yüngül atletika üzrə milli komandamızın baş məşqçisi Məhərrəm Sultanzadə "azerisrort.com"a Ramillə bağlı açıqlamasında deyib: "Quliyev Türkiyə yığmasında çıxış etmək niyyətindədir. Biz onu axtarsaq da, heç cür tapa bilmirik. Onun telefonları zəngimizə cavab vemir. Əgər o, yanvar ayına kimi Bakıya qayıtmasa, məsələyə beynəlxalq federasiya qarışacaq".
Ölkənin gənclər və idman naziri Azad Rəhimov da idmançıya görə narahatdır: "Perspektivli idmançının əcnəbi klubda çıxış etməsi normal haldır. Biz ona "Fənərbaxça"nın heyətində çıxış etməyə razılıq vermişik. Amma o, bizi aldadıb. Zədəli olduğunu bəhanə gətirərək, milliyə qoşulmayan Ramil kommersiya xarakterli turnirlərdə çıxış edib. İndi biz ondan izahat gözləyirik".
|