Naxçıvan Muxtar Respublikasının Şərur rayon Püsyan kəndində keçmiş deputatlığa namizəd Səxavət Əliyevin qohumlarına qarşı təzyiqlər davam edir. Qohumları baş verən haqsızlıqlara görə dünəndən etiraz əlaməti olaraq ailəlikcə aclıq aksiyasına başlayıblar. Bu barədə nakhchivan.org.az saytı məlumat verir.
Məlumata əsasən, xüsusən, mülki geyimli şəxslər Əliyevin bacısı Balaxanım Əliyevanın evini mühasirəyə alıblar və bu mühasirənin nəticəsində srağagün axşam onun oğlu Zakir Tağıyevi evdən çıxarkən yaxalayaraq polis şöbəsinə aparıblar. Bir neçə saat dindirilən Z.Tağıyevi daha sonra sərbəst buraxıblar. Onun söylədiyinə görə, polis dayılarını və qohumlarını hədələyib və təhqir edib. "Dedilər ki, Qaçay artistlik eləməsin, gəlib mallarını aparsın, Səxavət də qəzetlərə müsahibə versə də, verməsə də onu da tutacağıq", - deyə Z.Tağıyev bildirib.
Dekabrın 10-da Şərur polis şöbəsinin əməkdaşları seçkilər zamanı Səxavət Əliyevin vəkili olmuş, həm də qardaşı olan Qaçay Əliyevin həyətində evinə bitişik tikərək dükan kimi işlətdiyi tikilini və bu tikiliyə bitişik yaşadığı evin bir divarını traktorla uçurublar. Buna etiraz edən Əliyevlər ailəsi polis tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan Qaçay Əliyev və digər şəxslərə isə hələ bu günə qədər tibbi yardım edilməyib.
"Ayna"nın əldə etdiyi son məlumata görə, dekabrın 10-da döyülənlərdən Çapay Əlisoy, Rəxşəndə Tağıyeva və Gülarə Əliyevanın vəziyyəti ağırlaşıb. Onlar aldıqları travmadan sonra heç bir tibbi yardım almayıblar.
Bir neçə gün əvvəl Naxçıvanın Bakı nümayəndəliyi bəyanatla çıxış edərək Çapay Əliyevin dükanının uçurulmasına qanuni don geyindirməyə çalışmışdı. Bəyanatda qeyd edilirdi ki, guya Ç.Əliyev qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub və vergi ödəməyib. Amma Əliyev ona hadisə yerində baş çəkən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu əməkdaşlarına vergi ödədiyi və fərdi sahibkar kimi uçota durmağına dair şəhadətnaməsini təqdim edib.
Dünən isə NMR Bakı nümayəndəliyi növbəti bəyanatını yayıb. Burada S.Əliyev və onun qohumlarının ünvanına sərt ifadələr yer alıb. Nümayəndəlik xəbərdarlıq edib: "Püsyan kəndini siyasi oyunlara çəkməsinlər. Əks təqdirdə onların qarşısını öz gücümüzlə alacağıq"...
Lakin təəssüf ki, söhbətin hansı "oyunlardan" getdiyi, döyülmüş qadınlara kimin öz gücünü göstərmək istəyində olması açıqlanmır.
... 30-a yaxın polis işçisi keçmiş namizədin evində 10-a yaxın adamı döyüb, onlara məxsus mağazanı dağıdıblar. Buna S.Əliyevin 7 noyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı şikayətləri səbəb olub. Bundan sonra Əliyevlər ailəsi ev həbsinə, polis və Naxçıvan İcra Hakimiyyəti nümayəndələrinin daimi təzyiqlərinə məruz qalıb. Habelə Səxavət Əliyevin qardaşı Sabit Əliyev 7 gün məhkəmə hökmü olmadan Şərur rayon Polis Şöbəsində saxlanıb.
Əlavə edək ki, dekabrın 16-da Püsyan kəndinin çıxışında hüquq müdafiəçiləri və jurnalistlərə təzyiq edilib. Baş verənlərlə yerində tanış olmaq üçün srağagün "Turan" informasiya agentliyinin yerli müxbiri Məlahət Nəsibova, Naxçıvan İnsan Haqları və Resurs Mərkəzinin nümayəndəsi İlqar Nəsibov, RATİ əməkdaşları Həkimeldostu Mehdiyev, Elman Abbasov və Rəsul Cəfərov Əliyevlər ailəsinə baş çəkiblər. Bu barədə "Ayna"ya R.Cəfərov məlumat verib. Onun sözlərinə görə, onlar kəndi tərk edəndə iki maşın və xeyli sayda adam onların qarşısını alıb. Ağac parçaları ilə silahlanan şəxslər jurnalist və hüquq müdafiəçilərini döyməklə hədələyiblər.
"Sürücümüzün sayıqlığı nəticəsində qaça bildik. Əks təqdirdə taleyimizin necə olacağı bəlli deyil", - deyə o qeyd etdi.
|