Yenə bəzi qəzetlər etik prinsipləri pozur. Mətbuat Şurası İdarə Heyətinin dünənki iclasında bu mövzu diqqət mərkəzində olub. Şuradan verilən açıqlamaya görə, İH üzvləri iclasın gündəliyinə 5 məsələ salmağı qərara alıblar. Əvvəlcə MŞ-nin 2010-cu ildə gördüyü işlərə dair hesabatının hazırlanması barədə fikir mübadiləsi aparılıb. MŞ sədri Əflatun Amaşov başa çatmaqda olan ilin şuranın və bütövlükdə ölkə mediasının həyatında əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb.
İH üzvlərinin çıxışlarında hesabatda görülən işlərin istiqamətlər üzrə qruplaşdırılaraq təsnifatının verilməsi, ilin sonunadək müzakirəsinin təşkili, yekunda isə kitab şəklində nəşr edilərək KİV-ə və ictimaiyyətə çatdırılması təklifləri yer alıb. Təkliflər yekdilliklə qəbul olunub. Sonra şuranın komissiyalarının təqdim etdikləri rəylərə baxılıb. İH "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının təkliflərini əsas götürərək "Alma" və "Qanun və şah" qəzetlərinə Mətbuat Şurasının xəbərdarlığının olunmasını məqbul hesab edib.
Şuranın şikayətlər üzrə komissiyasının rəyləri əsasında "Bölgəxəbər" internet saytına ilkin, "Polit alyans" qəzetinə isə sonuncu xəbərdarlıq edilməsi barədə qərarlar çıxarılıb. Qəbul edilən digər qərarlarda "Azadlıq", "Milli qəhrəmanlar zirvəsi" və "Müasir zaman" qəzetlərində etik prinsiplərin bir sıra tələblərinə sayğısızlıq göstərildiyi qeyd olunub.
İclasda adları MŞ-nin "qara siyahı"sında yer alan qəzetlərin MŞ-yə ünvanladıqları müraciətlərə münasibət bildirilib. Qərara alınıb ki, müraciətlərin araşdırılması İH üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi apellyasiya qrupuna həvalə edilsin. Həmin mətbu nəşrlərin adlarının siyahıdan çıxarılmasına nə dərəcədə əsaslar olduğu müəyyənləşdirilsin və bununla əlaqədar təkliflər İdarə Heyətinə verilsin.
|