"Qadın Jurnalistlər Assosiasiyası" (QJA) jurnalistlərin pulsuz müayinəsinin təşkili ilə bağlı cümə günü "RİA-Novosti" agentliyində mətbuat konfransı keçirib. QJA rəhbəri Sevil Yusifova jurnalistlər üçün belə bir müayinənin bu il oktyabrın 5-dən 20-nə kimi hepatit xəstəliyinin aşkarlanması ilə bağlı keçirildiyini nəzərə çatdırıb ("Turan"). Hazırkı müayinə isə 2010-cu il dekabrın 20-dən 2011-ci il yanvarın 20-nə kimi "Ankara Medical Center"də (Nizami rayonu, Məhsəti küçəsi, 2571-ci məhəllə, metronun "Neftçilər" stansiyasının yaxınlığında) təşkil olunur.
"Jurnalistlərin müayinəsi assosiasiyanın təşəbbüsü olaraq xeyriyyə aksiyası kimi keçirilir, hər hansı layihədən irəli gələn məsələ deyil. Həm də bu aksiyanın keçirilməsinə səbəb peşə fəaliyyətilə bağlı jurnalistlərin xəstəlik riski çox olan qrupa aid olmasıdır", - deyə qeyd edən sözügedən müalicə müəssisəsinin baş həkimi Zülfüqar Yusifov yanvarda bayram və istirahət günlərindən irəli gələrək müayinə müddətinin yanvarın sonuna kimi uzadılacağını deyib.
Jurnalistlərin pulsuz müayinəsinə həkim konsultasiyasının, bütün qarın boşluğunun USM-nin, EKQ-nin, qanın ümumi müayinəsinin, sedimentasiyanın, protrombin indeksinin, qanın laxtalanmasının və s. müayinələrin daxil olduğunu deyib. Jurnalistlərin müayinəsi hər həftənin 2-ci və 6-cı günləri saat 10-dan axşam saat 17.00-a kimi aparılacaq.
Müayinə qrupuna gündəlik, həftədə 3 dəfə çıxan qəzetlərin, internet saytların, informasiya agentliklərinin müxbirləri daxildir. Bunun üçün redaksiyalar müayinədən keçməsi nəzərdə tutulan konkret jurnalistlərin siyahısını müalicə müəssisəsinə təqdim etməlidir. Müayinə başa çatdıqdan sonra hər hansı problem aşkarlanarsa, bu zaman tibb mərkəzi bununla bağlı hansı müalicə müəssisəsinə müraciət etmək və dərmanların güzəştli qiymətlərlə alınmasına yardım məsələsində də kömək etməyə hazır olduğunu bildirir.
"Ümumiyyətlə, peşə fəaliyyətlərilə bağlı sağlamlıqlarına ən az diqqət yetirən məhz jurnalistlər olduğu üçün onlara diqqət yetirməyi vacib saydıq", - deyə Z.Yusifov aksiyanın mahiyyətinə toxunub.
|